“İranın əsas hədəfi regionda ABŞ və Avropa İttifaqı ölkələri ilə rəqabəti gücləndirməkdir”- ŞƏRHbackend

“İranın əsas hədəfi regionda ABŞ və Avropa İttifaqı ölkələri ilə rəqabəti gücləndirməkdir”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Seyid Abbas Musəvinin sözügedən açıqlaması İran Prezidenti İbrahim Rəisinin Ermənistan Baş naziri ilə görüşdə dediklərinin təkrarıdır. İstər Yaxın Şərqdə, istər Cənubi Qafqazda, istərsə də İraq və Suriya məsələlərinə ən çox müdaxilə edənlərdən biri də İran hakimiyyətidir. Əgər region məsələlərinə xarici müdaxilə istəmirsə, İran o zaman Qarabağ işğalda olan müddətdə niyə Ermənistanı müdafiə edirdi? 44 günlük müharibə zamanı bu ölkənin ərazisindən Rusiya istehsalı olan hər bir texnika Ermənistana niyə ötürülürdü? Deməli, İran hakimiyyətinin əsas hədəfi həm də Cənubi Qafqazda özünə düşmən saydığı dünyanın aparıcı ölkələri ABŞ, İsrail, Avropa İttifaqı ilə rəqabəti davam etdirməkdir”.

Bu fikirləri Editor.az-a Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin İsmayılov İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvinin Qərb ölkələrinin regiona müdaxiləsi təcrübəsini uğurlu hesab etmədiyi ilə bağlı fikirlərini şərh edərkən deyib.

Politoloq bildirib ki, İran hakimiyyəti bir çox hallarda “qonşuluq” prinsipinə sadiq qalmır:

“İranın əsas hədəfi regionda ABŞ və Avropa İttifaqı ölkələri ilə rəqabəti gücləndirməkdir. Ona görə ölkə rəsmiləri iddialı fikirlər səsləndirirlər. İran hakimiyyətinin Azərbaycanı hədələyici fikirlərinə də bu baxımdan yanaşıla bilər. İran hesab edir ki, Azərbaycan NATO ilə əməkdaşlığı genişləndirərək ona müəyyən ismarıclar verir. Ancaq NATO və ABŞ ilə bağlı iddiaları İranın Orta Şərqdə apardığı mübarizənin davamıdır. İran rəsmi dairələri iddia edir ki, Zəngəzur dəhlizi Turan yoludur. İran prezidenti isə hesab edir ki, Zəngəzur yolundan NATO daha çox istifadə edəcək. Ona görə İran bütün imkanlarından istifadə edərək bu layihənin reallaşmasına mane olmağa çalışır”.

//Gülnarə Abasova, Editor.az