“Qərb dünyasının başında ABŞ və ona alternativ olan Çin, Rusiya dayanır. İran da əks qütbdədir. Rusiya-Ukrayna müharibəsində açıq-aşkar tərəflər öz mövqeyini ortaya qoyub. Rusiyanın İran dronlarından istifadə etməsi sirr deyil. Bununla müharibənin gedişinə xeyli dərəcədə təsir etməyə çalışırlar”.
Bu fikirləri Editor.az-a Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İranı təşkilatın “Döyüş Qardaşlığı – 2023″ təlimlərinə müşahidəçi qismində dəvət etməsinə və təlimlərə həmçinin Çin, Səudiyyə Ərəbistanı və Monqolustan hərbi müşahidəçilərinin də qatılacağı ilə bağlı verilən məlumata münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Qərb Rusiyanı küncə sıxışdırmağa çalışır:
“Rəsmi Moskva özünə “arxa-dayaq” axtarır. Strateji və iqtisadi sahədə Qərblə Rusiyanın açıq-aydın mübarizəsi gedir. Bu gün əks-cəbhədə dayanan İranın KTMT “Döyüş Qardaşlığı – 2023″ təlimlərinə dəvət edilməsi sirr deyil. Hətta Şimali Koreyanın dəvət edilməsi ehtimalı belə qeyri-adi hesab edilməməlidir. KTMT Rusiyanın tərkibində olan hərbi birlikdir. Rəsmi Moskva itirilmiş mövqeyini bərpa etmək istəyir. Onun üçün bu kimi cəhdlər edir”.
E.Musayevin fikrincə, Qərbin mövqeyi ədalətli olsa da liderləri çox qorxaqdır:
“Rusiya prezidenti Vladimir Putindən qorxurlar. İllər ərzində müdafiə qabiliyyətlərini də artırmayıblar. Amma Azərbaycana, Türkiyəyə qarşı məkirli siyasətlərini də davam etdirirlər. Bu yanaşma rəsmi Bakı üçün müəyyən mənada təhlükə vəd edir. Azərbaycanın güclü dövlət olmasını nə İran, nə də Rusiya istəyir. Rəsmi Moskva Cənubi Qafqazı öz təsiri altında saxlamaqda maraqlıdır. Həmçinin rəsmi Tehran da Bakı ilə bağlı eyni maraqlardan çıxış edir. Bu iki ölkə Azərbaycan-Ermənistan münasibətlərində də rəsmi İrəvanı dəstəkləməkdə davam edirlər”.
//Safura Bənnayeva, Editor.az

