“Müharibə bitər-bitməz proaktiv diplomatiya ortaya qoyan Azərbaycanın regional dövlətləri də ehtiva edəcək əməkdaşlıq platformasının yaradılması təşəbbüsünü irəli sürməsi, düşünürəm ki, məhz bu gün üçün seçilmişdi. Çünki Azərbaycan İranın tarix boyu bizə qarşı olan yanaşmasını hər zaman açıq şəkildə dilə gətirməsə də həmişə bundan xəbərdar olub. Bu baxımdan da cənab Prezident İlham Əliyevin Xudafərin körpüsünü “dostluq körpüsü” adlandırması qonşu İrana müsbət bir mesaj, uzadılan dost əli idi. İran isə bu əli geri çevirdi”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Politoloq bildirib ki, “Qırmızı xətt” mesajları ilə başlayan, hərbi təlimlər sonrası isə İran mediasının Azərbaycanı açıq şəkildə hədəf alması ilə davam etməsi nəticəsində İran-Azərbaycan münasibətləri ən kəskin dövrünü yaşayır:
“Buna səbəb isə məhz İrandır. İran idarəçiliyində tarix boyu azərbaycanlılar aparıcı qüvvə olub. İndi isə İranda soydaşlarımız ana dilində təhsil hüququndan məhrum edilib. Amma o faktı da nəzərə alaq ki, etirazlarda əsas iştirakçılar Pakistanın dəstəklədiyi bəluclar və ərəblərdir. Deməli, İrana qarşı olan koalisiya Azərbaycanın yanındadır. Xarici siyasətdə Azərbaycan ipləri əlində saxlayır. Daxildə isə Dövlət Təhlükəsizlik Xidməti də İranın cəmiyyətimizə sirayət etmiş casus şəbəkəsini dinləyir. Casus şəbəkəsinin cəmiyyətə yeridilməsi qonşuluq siyasətinə ziddir ki, bu da birbaşa məkirli planların olduğundan xəbər verir. Dövlət başçımızın noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxışı zamanı “TDT üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daim diqqətdə saxlamağın vaxtı gəlib çatıb. Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə, məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur” fikirləri, düşünürəm ki, xaricdə yaşayan soydaşlarımızın güneyli qardaşlarımıza dəstək olmaları baxımından yol xəritəsi olmalıdır”.
//Gülnarə Abasova, Editor.az

