ABŞ Milli Kəşfiyyatı senatorlara deyib ki, İranın nüvə silahı yaratmaq üzərində işlədiyinə dair heç bir sübut yoxdur.
Bu barədə Senatın Kəşfiyyat Komitəsinin sədr müavini, demokratlardan Mark Uorner MSNBC telekanalında bildirib. Uorner xatırladıb ki, mart ayında Milli Kəşfiyyatın direktoru Tulsi Qabbard “İran bomba yaratmaq üçün heç bir tədbir görməyib” demişdi. “Və bu həftənin bazar ertəsi biz kəşfiyyat məlumatlarının dəyişmədiyi təsdiqini aldıq. Tvitlər vasitəsilə xarici siyasət çılğınlıqdır. Amma bu adam belə edir” deyən Mark Uorner ABŞ prezidentinin “kəşfiyyat məlumatlarına məhəl qoymur” deyib.
Xatırladaq ki, iyunun 13-də İsrail İranın nüvə və müdafiə sənayesinə qarşı “Şir kimi millət” əməliyyatına başlayıb. Media ABŞ prezidenti Donald Trampın İsrailin hücumuna qoşulmağı düşündüyünü, yaxın 24-48 saat ərzində qərarın verilə biləcəyini yazıb. WSJ-nin məlumatına görə, Tramp artıq İrana hücum planını təsdiqləyib.
//Samir Qurbanov, Editor.az