“İranın nüvə silahına sahib olması bəşəriyyətin sonu deməkdir”- Nəsib Məhəməliyevlə MÜSAHİBƏbackend

“İranın nüvə silahına sahib olması bəşəriyyətin sonu deməkdir”- Nəsib Məhəməliyevlə MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Editor.az Milli Məclisin deputatı Nəsib Məhəməliyevlə müsahibəsini təqdim edir:

-Nəsib müəllim, İrandakı səfirliyimizdə baş verən məlum terror aktının arxasında sizcə İran hakimiyyəti, yoxsa kənar qüvvələr durur?

– Düşünürəm ki, terror aktı SEPAH tərəfindən planlaşdırılıb və həyata keçirilib. Videokadrlardan da görünür ki, əməliyyat xüsusi xidmət orqanı tərəfindən dəqiqliklə hazırlanmışdır. Adi, hər hansı xüsusi təlim keçməmiş cinayətkar səfirliyin əməkdaşlarının gəlmə vaxtlarını, onların avtomobilinə arxadan zərbə vurmaqla, qapının açılmasına nail olmağı hesablaya bilməzdi. Digər bir məsələ, terrorçunun dərhal televiziya kamerası qarşısına çıxarılması, onun özünə haqq qazandırması üçün şərait yaradılmasıdır. Bu fakt özlüyündə bir daha təsdiq edir ki, terror aktı İran xüsusi xidmət orqanı tərəfindən planlaşdırılıb. Hər bir halda məsuliyyət İran hakimiyyətinin üzərinə düşür. Səfirliyin mühafizəsinin təşkil olunması onların borcu idi. Ələlxüsus, Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən gözlənilən təxribatlarla bağlı dəfələrlə xəbərdarlıq edilmişdi.

-Ümumiyyətlə, İran insan hüquqlarını tapdalamaqla yanaşı, həm də islam dünyasına ləkə gətirməkdədir. Hətta bir çox ekspertlər düşünür ki, İrana qarşı tətbiq olunan sanksiyalardan biri də İranın islam statusundan məhrum edilməsi olsun. Sizcə molla rejimi oyunlarına görə hansı cəzalara layiqdir? Bu barədə nə düşünürsüz?

– İran və insan hüquqları…tam antoqonist fikirlərdir. Hansı insan haqlarından danışmaq olar ki, 21-ci əsrdə insanları küçələrdə qaldırıcı kranlardan asır, fərqli düşüncələrinə görə edam edirlər. Özünü dini lider adlandıran şəxs meydanlarda etiraz səslərini qaldıranlara qarşı amansız davranmaları barədə hərbçilərə əmr verir, Səkkiz, doqquz yaşlı qız uşaqlarının siğə yolu ilə ərə verilməsini İslam dininə uyğunluğunu bəyan edir. Bir-iki saatlıq siğə ilə fahişəliyi stimullaşdırır. Bütün bunlar İslam deyil. Əksinə, İslam adına ləkədir. İranın təbliğ etdiyi “dinin” əsl İslam dininə, müqəddəs Qurani-Kərimə heç bir aidiyyəti yoxdur. Bunun kökündə duran əsas səbəb fars-molla rejiminin hələ də Sasanilər imperiyasının darmadağın edilməsi ilə barışa bilməməsidir. Quranın saxtalaşdırılmasından tutmuş, dinə aidiyyəti olmayan çoxsaylı adət-ənənələrin, nağılların uydurulması bununla əlaqədardır. İranın İslam statusundan məhrum edilməsi ilə bağlı hüquqi mexanizm yoxdur. Belə məsələlər hər bir ölkənin öz işidir. İran onsuz da, antiinsani, antibəşəri siyasətinə görə 1979-cu ildən bəri beynəlxalq sanksiyalar altındadır. Yaxşı olardı ki, İslam Əməkdaşlıq Təşkilatı Ərəb Liqası, Afrika Birliyi kimi beynəlxalq təşkilatlar da İranın əcaib rejimi ilə hər hansı əməkdaşlıqdan imtina etsinlər. Hər kəsə bəllidir ki, İranın əsas amalı İslam dininin parçalanması, İslam ölkələrində anarxiyanın, xaosun yaradılmasıdır. İranın Yəməndə, İraqda, Suriyada, Livanda və başqa  ölkələrdə törətdiyi cinayətlər xüsusi amansızlıqlarla, vəhşiliklərlə müşayiət olunmuş, milyonlarla insanın faciəsi ilə nəticələnmişdir. Din pərdəsi altında, “bismillahir-rəhmanirrəhim” kəlməsi ilə belə ağır cinayətləri ancaq İblis edə bilər.

-Nəsib bəy, sözügedən terror aktından sonrakı gecə İranın müxtəlif hərbi obyektlərinə edilən dron hücumu dünya gündəminin əsas müzakirə mövzusudur. Hələlik gerçəkdən nələrin baş verdiyi nə İran, nə də İsrail tərəfindən açıqlanıb. Sizcə həqiqətəndə bunun arxasında İsrail dayanır, yoxsa..?

– Konkret faktlar olmadığı üçün fərziyyələrlə danışmaq istəmirəm. Ancaq, fakt odur ki, dronlarla İranın bir sıra hərbi obyektləri vurulub. Bu, birinci hadisə deyil. Son aylar Suriyanın ərazisində yerləşən İrana məxsus hərbi obyektlər darmadağın olub, yüksək çinli hərbiçiləri, nüvə silahı üzrə mütəxəssisləri məhv edilib. Cavab olaraq, molla rejimi şifahi hədə-qorxudan başqa heç nə edə bilmir. Məscidlərdə yeni nağıllar uydurmaqla, Amerika Birləşmiş Ştatlarını, İsraili hədələməklə kifayətlənirlər.  Dron hücumlarının arxasında kimin durmasından olmayaraq bir məsələni qətiyyətlə deyə bilərəm ki, hücumların arxasında İran molla rejiminin antibəşəri siyasəti durur. Heç bir halda İranın nüvə silahına yiyələnməsinə imkan vermək olmaz. İranın nüvə silahına sahib olması, bəşəriyyətin sonu deməkdir.

//Gülnarə Abasova, Editor.az