“İran Azərbaycana müəyyən mənada təzyiq edir. Bu təzyiqlər təkcə İranın özünün qəbul etdiyi qərar deyil. Onun arxasında Rusiya və Fransa faktoru da var”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Natiq Miri deyib.
Onun sözlərinə görə, İranın Azərbaycana qarşı təhdidedici mesajlarının vaxtına diqqət etdikdə görərik ki, bu təxminən Rusiyanın Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi ilə bağlı aktivləşdiyi ərəfədə baş verir:
“Bu vaxtda təkcə İran deyil, Rusiyanın bütün kütləvi informasiya vasitələrində Azərbaycanın əleyhinə olan verilişlər verildi. Həmin ölkələr tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyi görməzdən gəlinir.Prosesdə Rusiya, İran və Fransanın fəaliyyəti üst-üstə düşür. Bu da Azərbaycana qarşı fəaliyyət planının tərkib hissəsi kimi görünür. Amma İranın hərbi cəhətdən Azərbaycana qarşı hərəkətə keçməsi inandırıcı görünmür. Belə bir hərbi fəaliyyətə başlamaq İran üçün öldürücü ola bilər. İranda normal fikir yürüdən şəxslər də bunun fərqindədir”.
Natiq Miri qeyd edir ki, İran daxilində olan etirazların əsas mənbələri bu gün Pakistanla həmsərhəd olan bəluclardır və ən çox itki verən də onlardır:
“Bu faktın özü göstərir ki, bu gün İranın parçalanmasında bəlucları müdafiə edən Pakistan dövləti də maraqlıdır. Bundan əlavə etiraz aksiyalarında ən fəal iştirak edənlərdən biri də ərəblərdir. İran bu gün ərəb ölkələri ilə düşmənçilik edir. İranın hərbi cəhətdən Azərbaycana qarşı hansısa fəaliyyətə keçməsi əleyhinə olan dövlətlərin birləşməsinə səbəb olacaq. İran rejiminin dağılmasını istəyən İsrail dövləti də bu kateqoriyaya daxildir. Azərbaycan-İran münasibətləri gərginləşən zamanda İsrail nümayəndə heyəti başda müdafiə naziri olmaqla, Azərbaycana səfəri və türkiyəli həmkarı ilə görüşü də diqqətə layiqdir. Bu görüşlərin mərkəzində İran və İran rejiminin fəaliyyəti dayanır. İranın təhdid çıxışları təzyiq xarakterlidir. Azərbaycanın müəyyən mənada geriyə çəkilməsinə və onların geosiyasi maraqlarının təmin edilməsinə hesablanıb. Amma bu mümkün olmayacaq. İranın istər Naxçıvana, istərsə də bütövlükdə Azərbaycana qarşı təzyiqləri Azərbaycana təsir etmir. Bunun Azərbaycana təsir etmədiyini anlayan İran da yenidən Azərbaycanla dostluq münasibətləri qurmağa çalışacaq”.
//Safura Bənnayeva, Editor.az

