“İranın yeni seçiləcək dövlət başçısı ilə də münasibətlərimiz qoyulmuş bünövrə üzərində ucalacaq”- Millət vəkilibackend

“İranın yeni seçiləcək dövlət başçısı ilə də münasibətlərimiz qoyulmuş bünövrə üzərində ucalacaq”- Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Regiondakı inkişaf xalqların iradəsi ilə təmin olunmalıdır. Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir. Bu fikirlər dövlət başçımız İlham Əliyevə aiddir. Qeyri-regional ölkələr deyiləndə, Qafqaza daxil olmayan və “3+3″ formatından kənar ölkələr nəzərdə tutulur. Çünki biz regionumuzda yeni əməkdaşlıq formatları yaratmaqla ümumi mövqedən çıxış edərək birlik nümayiş etdirməliyik”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, təkcə iqtisadi deyil, həm də siyasi məsələləri də region ölkələrinin özləri həll etməlidirlər:

“Məsələn, Azərbaycanla Ermənistan arasında 30 il münaqişə davam etdi. ATƏT-in Minsk Qrupuna daxil qeyri-regional ölkələr münaqişəni dondurmağa və Azərbaycanı erməni işğalı ilə barışdırmağa çalışdı. Amma ədalətin bərpası istiqamətində heç bir iş görmədi. O cümlədən, müharibənin başa çatdığı dövrdə də Ermənistanla aparılan danışıqlarımızın müsbət nəticələri vasitəçisiz ikitərəfli formatlarda keçirilən görüşlərdə nail olunmuşdur. Amma çoxtərəfli görüşlər nəticəsiz olmuş, problemlərin həllinə hər hansı töhfə verməmişdir. Bu baxımdan bizim problemlərimizin həlli ilk növbədə bizə, regionda yerləşən ölkələrə lazımdır. Ona görə də son vaxtlar Ermənistanla sərhədlərimizin delimitasiyasına başlanılmış və sülh müqaviləsinin imzalanması ilə bağlı pozitiv notlar səsləndirə bilirik. O cümlədən, İranla bağlı münasibətlərimiz də ikitərəfli formatda daha möhkəm olur. “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılışı mərasimində iki ölkə arasında keçirilmiş müzakirələr də ölkələrimizin dostluğunu, əməkdaşlığını və qardaşlığını möhkəmləndirir. Çox təəssüf ki, açılış mərasimindən geri qayıdan İranın dövlət başçısı və bir neçə rəsmi şəxs helikopter qəzasında həlak oldular. Allah onlara rəhmət eləsin, İran xalqına səbr versin. Amma dövlət rəsmiləri arasında keçirilmiş bu görüş Azərbaycan İran münasibətlərinin gələcək kursunu müəyyənləşdirdi. Hesab edirəm ki, İranın yeni seçiləcək dövlət başçısı ilə də münasibətlərimiz qoyulmuş bünövrə üzərində ucalacaq və möhkəmlənəcək. Çünki, biz qonşuyuq, dostuq və etibarlı tərəfdaşıq. Münasibətlərimiz də qarşılıqlı hörmət, etimad və fayda əsasında qurulub və bu, belə də davam edəcək”.

//Gülnarə Abasova, Editor.az