İranın Zəngəzur dəhlizi ilə bağlı əsas NARAHATLIĞI: Müxtəlif səbəblər və bəhanələr- ŞƏRHbackend

İranın Zəngəzur dəhlizi ilə bağlı əsas NARAHATLIĞI: Müxtəlif səbəblər və bəhanələr- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İranın Zəngəzur dəhlizinin açılmasını əngəlləmək üçün çeşidli səbəblər və bəhanələr sürdüyü artıq hamıya məlumdur. Bir müddət əvvəl regiondakı sərhədlərin dəyişdirilməsinin onun qırmızı xətti olduğunu irəli sürərək dəhlizin açılmasına qarşı çıxırdı. Amma sonralar İrana başa saldılar ki, Zəngəzur dəhlizinin açılması dəhlizin keçəcəyi ərazinin Ermənistanın əlindən alınması və bu, İran – Ermənistan quru sərhədinin bağlanması demək deyil. Dəhliz sadəcə Ermənistan ərazisindən keçəcək və onun bu coğrafiyadan keçməsi İrandan gələrək Meqridən keçən magistralın işləməsinə mane olmayacaq”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.

Politoloq bildirib ki, İran Ermənistandan başqa digər qüvvələrin açılacaq dəhlizə nəzarət etməsinin qəbuledilməz olduğunu əsas gətirməklə ona mane olmağa çalışır:

“Bu iddianın da əsassız olduğunu artıq ona başa salırlar. Amma düşünürəm ki, İranın əsas qorxusu Zəngəzur dəhlizinin açılması ilə onun nəqliyyat sahəsində hazırda malik olduğu aparıcı region ölkə olması statusunun əlindən alınmasıdır. Yəni, hazırda Fars körfəzi vasitəsi ilə gələrək İrandan keçən yüklərin demək olar ki, hamısı Zəngəzur dəhlizi vasitəsi ilə daşınacaq. Bununla İran region dövlətlərinə təsir mexanizmindən və iqtisadi mənfəətlərdən məhrum olacaq. Dəhliz və ya kommunikasiya xətləri təkcə yüklərin daşındığı yol deyil, həm də siyasi təsir vasitəsidir.

Türkiyəli analitik Engin Özərin Tehranın Zəngəzur dəhlizi ilə bağlı narahatlıqlarını İranın Hindistanla strateji əməkdaşlığı ilə əlaqələndirməsini ciddi arqument hesab etmirəm. Çünki Türkiyəli politoloqun da qeyd etdiyi kimi Hindistan – İran yaxınlaşması və ya Hindistana görə Çinin nəzərdə tutduğu layihənin qarşısının alınmasının İrana fayda gətirməyəcəyini gözəl başa düşürlər. Hesab edirəm ki, Çin-İran münasibətləri İranın Hindistanla olan münasibətlərindən daha çox irəli gedib və bu münasibətləri Hindistana qurban vermək üçün onun hələ Çin qədər inkişaf yolu keçməsi lazımdır”.

//Gülnarə Abasova, Editor.az