MDB Ölkələri İnstitutunun Qafqaz şöbəsinin müdiri Vladimir Novikov açıqlamasında bildirib ki, Bakı getdikcə fəallaşır. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan, necə deyərlər, öz gücünü hiss etdi.
“Tehran İranda yaşayan azərbaycanlılardan narahatdır. Azərbaycan nə qədər güclü olsa, Türkiyə ilə əlaqəsi daha sıx olsa, İran daxilində Azərbaycanla birləşmək istəyi bir o qədər yüksək olacaq. İran Azərbaycan arasında münasibətlər bundan sonra da pisləşəcək. Ola bilsin ki, Bakı ilə Tehran arasında bütün təmaslar pozulacaq. Mən hərbi eskalasiyanı istisna etmirəm. Məsələn, Naxçıvan bölgəsində İran-Azərbaycan sərhədində toqquşma ola bilər”, – o bildirib.
Məsələyə münasibət bildirən Azərbaycan Naminə Alyans partiyasının sədri Abutalıb Səmədov Editor.az-a açıqlamasında qeyd edib ki, İran beynəlxalq səviyyədə müxtəlif dövlətlərlə arasında yaranmış fikir ayrılıqlarını həmişə zor gücünə “həll etməyə” çalışır:
“Azərbaycanın yeritdiyi müstəqil siyasəti qəbul etməyən İranın son aylar sərhəddə keçirdiyi hərbi təlimlər, yüksək rütbəli hərbiçilərinin verdiyi hərbə-zorba dolu bəyanatlar göstərir ki, gələcəkdə İranla Azərbaycan arasında müəyyən hərbi qarşıdurma ehtimalı istisna oluna bilməz. Bu qarşıdurmanın Naxçıvanla sərhəddə baş verməsi də mümkündür. Amma qonşularla sülh şəraitində yaşamağa çalışan Azərbaycan dövləti belə bir qarşıdurmanın olmaması üçün əlindən gələn zəruri addımları atır və bundan sonra da atmaqda davam edəcək. Ümid edirik ki, rəsmi Tehran da hansı vəziyyətdə olduğunu, dünyanın böyük güclərinin ona qarşı hansı planlar hazırladığını gec-tez anlayacaq və dərk edəcək ki, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq, yaranmış gərginliyi azaltmaq ilk növbədə özünün maraqlarına cavab verir”.
A. Səmədovun fikrincə, ölkəmizə qarşı başlanacaq hər hansı silahlı hücum İran üçün son dərəcə ağır nəticələnə bilər:
“Rəsmi Tehran anlamalıdır ki, belə bir hal baş verərsə, Azərbaycan tək olmayacaq, yanında onun mövqeyini dəstəkləyən kifayət qədər güclü dövlətlər yer alacaq. Nəticə isə İranın parçalanmasına, ərazilərinin itirilməsinə gətirib çıxarda bilər. İran vəziyyəti başa düşməli, öz gücünü real qiymətləndirməli və qarşısında duran dövlətlərin potensialına obyektiv yanaşmalı, regionda gərginliyi artırmaq siyasətindən imtina etməlidir. İran Azərbaycana necə davranacağını iktə edə bilməz. Rəsmi Bakı da heç vaxt İranın göstərişi ilə hərəkət etməyib və bundan sonra da etməyəcək. Biz münasibətlərimizi qorumaq üçün uzun müddət İranın müəyyən məsələlərə yanaşmasını nəzərə aldıq. Xüsusilə də İsraildə səfirliyimizin açılmasının bu qədər ləngiməsinin kökündə də İranla münasibətlərimizi dostluq səviyyəsində saxlamaq istəyi dayanırdı. Təəssüf ki, İran bu addımımızı düzgün qiymətləndirmədi və Ermənistanla maksimum əməkdaşlıq xətti tutdu, onlara əlindən gələn yardımı göstərdi. Ermənilərin ölkəmizə münasibətdə yeritdiyi işğalçılıq siyasətinə dəstək verdi. Bu gün İran-Azərbaycan münasibətlərində yaranmış soyuqluğun əsas səbəbi də rəsmi Tehranın apardığı yanlış siyasətdir. Yanlışdan dönmək isə heç vaxt gec deyil” .
//Safura Bənnayeva, Editor.az