ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Tehranla onun nüvə proqramı üzrə diplomatik əlaqə şansları var və iki həftə ərzində ABŞ-nin İrana zərbələr endirəcəyi barədə qərar verəcək.
Məsələ ilə bağlı Editor.az-a açıqlamasında siyasi analitik Kənan Novruzov deyib ki, İsrailin İrana hücumu çoxdan gözlənilirdi:
“İsrailin son iki illik ritorikasından artıq bu məlum idi ki, gec-tez İrana hücum edəcək. Əslində bu, hətta gecikmiş proses belə sayıla bilər. ABŞ isə bu hücuma qətiyyən razılıq vermirdi. ABŞ-da Donald Tramp hakimiyyətə gəldikdən sonra İsrailə bir neçə dəfə xəbərdarlıq etdi. Hətta İsrail Baş Naziri Benyamin Netanyahu bir neçə dəfə Vaşinqtona etdiyi səfərlərdən əliboş qayıtdı”.
Siyasi analitikin sözlərinə görə, İsrail ABŞ-ın icazəsi olmadan İrana hücum etdi:
“ABŞ-ın isə bu hücuma razılıq verməməsinin bir neçə səbəbi var. Birincisi, Tramp administrasiyası konstruktivdir və istənilən münaqişədə maraqlı deyil. Digər tərəfdən ABŞ İranla artıq nəticəyönümlü nüvə danışıqları aparırdı. Ehtimal odur ki, İsrail bu danışıqların mümkün nəticəsinin qarşısını almaq üçün İrana hücum etdi.
Mövcud vəziyyətdə isə proseslərin bundan sonrakı inkişafı İrandan aslıdır:
“İran ya nüvə sazişi ilə bağlı ABŞ-ın dediyini edəcək, ya da öz ambisiyasından əl çəkməsə daha şiddətli hücumlara məruz qalacaq. Çox güman ki, Trampın dediyi iki həftəlik periodda da İranla açıq və ya gizli formada danışıqların aparılması nəzərdə tutulub. ABŞ-ın müharibəyə qoşulması da o qədər asan məsələ deyil. Hərçənd ki, İsrail bütün imkanları ilə buna çalışır ki, İran ABŞ-ın nəzarət zonasına müdaxilə etsin, müəyyən obyektlərini vursun. Ancaq rəsmi Vaşinqton soyuqqanlılığını qorumaq məcburiyyətindədir. Çünki ABŞ-ın müharibəyə qoşulması Çin və Rusiyanın İrana dəstək verməsi ilə nəticələnəcək. Bu məsələ isə ABŞ-Çin gərginliyini artıracaq. Dünya təhlükəsizlik arxitekturası üçün təhdid böyüyür. Hesab edirəm ki, ABŞ mümkün qədər bu senaridən qaçmağa çalışır”.
//Gülnarə Abasova, Editor.az