Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranla müharibə başlayandan bəri Fars körfəzində ən çox atəşə tutulan ölkə olub.
Oxu.Az xəbər verir ki, bu barədə “Financial Times” yazıb.
Nəşrin məlumatına görə, təkcə martın 20-də BƏƏ hava məkanında İrandan buraxılan 15 pilotsuz uçuş aparatı və yeddi ballistik raket qeydə alınıb. Münaqişə başlanandan bəri ölkəyə qarşı ümumi hücumların sayı 2 063-ə çatıb.
“Financial Times” qeyd edir ki, BƏƏ hökuməti artıq raket və dronların zərərsizləşdirilməsi barədə məlumat yaymır. Bununla belə, Dubay hava limanı və şəhərin maliyyə mərkəzi hücumlara məruz qalmaqda davam edir.
İran rəhbərliyinə yaxın mənbənin sözlərinə görə, SEPAH ABŞ-nin Yaxın Şərqdəki müttəfiq ölkələrində hotellər, hava limanları və digər mülki obyektləri hədəf alır ki, bu məkanlar amerikalılar üçün təhlükəsiz sayılmasın.
Mənbə,. həmçinin bildirib ki, İranın neftlə zəngin qonşu ərəb ölkələri bu hücumlar səbəbindən artan investisiya riski ilə üzləşəcəklər.

