İranla Ukrayna arasındakı gərginlik ciddi nəticələrə səbəb ola bilər: Üçüncü dünya müharibəsi…backend

İranla Ukrayna arasındakı gərginlik ciddi nəticələrə səbəb ola bilər: Üçüncü dünya müharibəsi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün əvvəl İrana məxsus 6 PUA məhv edilmişdi. Bunun ardınca Ukrayna İran səfirini ölkədən qovdu. Dünən isə Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak proseslərə münasibət bildirdi. O, özünün tviter səhifəsində bu barədə yazdı. Podolyak vurğuladı ki, İran hələ də sivilizasiyaya necə yüksələcəyini anlamayıb: “İran texnoloji cəhətdən son dərəcə geridə qalmış Rusiyaya müasir pilotsuz təyyarələr verməklə ukraynalıların öldürülməsinə dəstək vermək qərarına gəlib”.

Siyasi analitik Kənan Novruzov Editor.az-a açıqlamasında bildirib ki, Şərqi Avropada davam edən müharibədə İranın belə mövqedən çıxış edəcəyi gözlənilən idi:

“İranla Rusiya arasında dostluq münasibətləri var. Bu mənada Tehranın Moskvanı silahlandırması təəccüblü deyil. Daha dərində isə əslində İran da müharibənin davam etməsini istəyir. Çünki Rusiyanın zəifləməsi cənub qonşumuzun maraqlarına uyğundur. Bu halda İranın Cənubi Qafqazdakı təsir gücü arta bilər. Yəni İranın Rusiyaya silah verməsi əslində Rusiyaya dəstək ifadəsi deyil. Qərb Ukraynanı hansı məqsədlə silahlandırırsa, Tehran da Moskvaya o məqsədlə silah verir. Ukrayna ilə İranı birləşdirən xüsusi əlaqələr yoxdur. Buna baxmayaraq, ortada Qərb faktoru var Sözsüz ki, İranın Rusiyaya dəstəyinin artacağı təqdirdə, Qərb də Tehrana təzyiq göstərəcək. İran bunu nəzərə almalıdır. İİkincibir tərəfdən, Türkiyə faktorunu da unutmaq olmaz. Ankara Moskva ilə Kiyev arasında ən qısa zamanda sülhün əldə olunmasına çalışır. Tehranın bu addımı isə sabitliyin formalaşmasına mane olur. Onsuz da İranla Türkiyə arasında münasibətlər kövrəkdir. Münasibətlərin yaxın gələcəkdə daha da gərginləşəcəyi istisna deyil”.

K. Novruzov qeyd edib ki, İran Xarici İşlər Nazirliyi artıq proseslərə münasibət bildirib:

“Nazirlik sözçüsü Naser Kənani söyləyib ki, Ukrayna ilə münasibətlərin pisləşməsinə görə təəssüflənirik. Lakin bunun geri çəkilmə olduğunu düşünmürəm. Bu bəyanatı səmimi hesab etmirəm. Çox güman, Tehranın Şərqi Avropa ilə bağlı hazırkı siyasəti bundan sonra da davam edəcək.
Kiyevlə Tehran arasında gərginlik davam edərsə, bu, ciddi nəticələrə səbəb olması mümkündür. İsrailin, Türkiyənin və bəzi Qərb dövlətlərinin müharibəyə qoşulacağı ehtimalı arta bilər. Odur ki, adətən bütün konfliktlərdə əsas “oyunçulardan” biri olan İran bu dəfə təmkinli dayansa yaxşıdır. Əks halda faktiki olaraq davam edən üçüncü dünya müharibəsinin başlanmasının elan olunması real təhlükəyə çevriləcək”.

//Gülnarə Abasova, Editor.az