“İraq Prezidenti Azərbaycana ilk rəsmi səfərini edib və Azərbaycan Prezidenti ilə ikitərəfli və geniş tərkibli görüşlər keçirilib”.
Bu sözləri Editor.az-a Azərbaycan-İraq münasibətləri ilə bağlı danışarkən politoloq Anar Əliyev deyib.

Onun sözlərinə görə, İraq prezidenti Azərbaycanın həyata keçirdiyi bir çox sahələrdəki, xüsusilə də Cənubi Qafqazda sülh münasibətlərinin tənzimlənməsindəki səylərini dəstəklədiyini bəyan edib:
“Eyni zamanda, Azərbaycanla Ermənistan arasında sülh münasibətlərinin tənzimlənməsi ilə bağlı Azərbaycan Prezidenti İraq prezidentinə zəruri məlumatları çatdırdı. Görüş zamanı mövcud abu-hava, səmimi münasibət İraq-Azərbaycan münasibətlərinə, xüsusilə də bir çox platformalarda bu günə qədər bir çox dövlətin qarşılıqlı şəkildə biri-birinə verdiyi dəstək atmosferində davam edib.
Bundan sonra da İraqla Azərbaycan arasında münasibətlər daha sürətlə inkişaf edəcək. Xüsusilə nəqliyyat-kommunikasiya, enerji, turizm və birbaşa hava relslərinin açılması istiqamətində əlaqələr sürətlə inkişaf edəcək, qarşılıqlı investisiya qoyuluşu daha da artacaq və ticarət dövriyyəsi genişlənəcək. Bunun üçün kifayət qədər potensial və imkanlar mövcuddur. İraq və Azərbaycan xalqları arasındakı tarixi əlaqələrin mahiyyəti də buna kifayət qədər geniş imkanlar açır.
Azərbaycanın Ermənistanın işğalı faktı ilə üzləşdiyi dövrdə İraqın Azərbaycana bir çox beynəlxalq platformalarda verdiyi dəstək, Azərbaycanın isə separatizmə məruz qalmış bir ölkə olaraq İraqa verdiyi dəstək qarşılıqlı münasibətlərə çox ciddi təsir göstərir.
Bundan sonra iki ölkə arasındakı qarşılıqlı əlaqələr, ticarət dövriyyəsinin artırılması istiqamətində ciddi uğurlar əldə etmək mümkündür. Eyni zamanda, azərbaycanlı iş adamlarına İraqda investisiya yatırmaq üçün əlavə imkanların yaradılması ilə bağlı səsləndirilən fikirlər də göstərir ki, İraq xalqı Azərbaycan dövləti və xalqına böyük dəyər verir”.
//Səbinə Hüseynli, Editor.az

