“Moskvanın Ermənistanı belə bəyanatlarla hədələməsi birinci dəfə deyil. Biz bir çox hallarda Rusiya XİN sözçüsü Mariya Zaxarovanın bəyanatına istinad edirik”.
Bunu Editor.az-a açıqlamasında politoloq Fikrət Sadıxov Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun növbəti dəfə Ukraynanın taleyini xatırladaraq Ermənistanı hədələməsi ilə bağlı suallarımızı cavablayarkən deyib.

F. Sadıxov bildirib ki, Rusiya rəhbərinin sözçüsü Dmitri Peskov bu cür bəyanatla çıxış edibsə, Ermənistan bunu ciddi qəbul etməlidir:
“Belə ki, Peskov birbaşa Vladimir Putinin adından bunu səsləndirir. Hesab edirəm ki, İrəvanda bunu yaxşı dərk edirlər və ona görə də Rusiya ilə siyasi, iqtisadi əlaqələri kəsmək istəmirlər. Eyni zamanda, Rusiyanın hərbi bazası da hələ Ermənistan ərazisindədir. Ancaq Rusiya bütün hallarda Ermənistanda stabilliyi pozmağa vasitə tapa bilər. Hesab edirəm ki, “keşiş Baqrat” layihəsi də Moskva məxsus idi. Bu dəfə bu layihənin baş tutmaması növbəti dəfə Rusiyanın edə biləcəklərinə əngəl deyil. Rusiyanın bu istiqamətdə təcrübəsi kifayət qədər zəngindir. İrəvan da bunu eşidib özünə nəticə çıxartmalıdır. İrəvanın siyasi prioritetləri Moskvanın bu cür bəyanatları ile uzlaşmalıdır. Buna onlar ciddi yanaşmalıdır”.
//Gülnarə Abasova, Editor.az

