“İrəvan atəşkəsi pozmaqla dünya diqqətini yenidən Ermənistan-Azərbaycan sərhədinə yönəltmək istəyir”- ŞƏRHbackend

“İrəvan atəşkəsi pozmaqla dünya diqqətini yenidən Ermənistan-Azərbaycan sərhədinə yönəltmək istəyir” ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, fevralın 21-i saat 20:45-dən fevralın 22-si saat 01:20-dək Azərbaycan Ordusunun Tovuz rayonu və Naxçıvan MR-nın Sədərək rayonundakı mövqeləri 15 dəfə atəşə tutulub. Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Təzəkənd yaşayış məntəqəsi, Şuşa şəhəri və Xocavənd rayonu istiqamətlərində yerləşən mövqeləri də atəşə tutulub. Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Bu halın yaşanması, erməni təxribatının baş verməsi əslində gözlənilən idi. Axı hər dəfə ölkə liderlərinin görüşündə rəsmi İrəvan nə qədər “səmimi” görünmək üçün üzərinə öhdəlik götürsə də görüş bitdikdən sonra iç üzünü ortaya qoyur.

Maraqlıdır ki, Ermənistan tərəfinin bu kimi addımları Laçın yolunda vəziyyəti gərginləşdirirmi?

Məsələ ilə bağlı Editor.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov bildirib ki, Ermənistanın əsas məqsədi regionda sabitliyi pozmaqdır:

“Almaniyada Münhen konfransından sonra qərara alınıb ki, Azərbaycan və Ermənistan arasında danışıqlar prosesi intensivləşdiriləcək. Ermənistan baş naziri Nikol Paşinyan həm Avropa İttifaqı, həm də digər ölkələr qarşısında söz vermişdi ki, bu istiqamətdə addımlar atılacaq. Amma heç bir həftə keçməmiş vəziyyət gərginləşdi. Bunun əsas səbəbini isə ölkəmizlə razılaşmamasında görürlər. Yəni, Ermənistan rəsmi Bakının təqdim etdiyi şərtlərlə razılaşmır. Bunun üçün də sərhəddə atəşkəsi pozur”.

Politoloqun sözlərinə görə, əsas məqamlardan biri də Laçın-Xankəndi yolunda nəzarət məntəqəsinin qurulmasıdır:

“Əvvəlcədən də qeyd edilirdi ki, Ermənistan buna razı olmayacaq, amma onun razı olmaması burada heç bir əhəmiyyət kəsb etmir. Azərbaycan öz torpağında xarici ölkə ilə arasında nəzarət məntəqəsi yaradırsa, nə üçün Ermənistandan icazə almalıdır? Onların nə reaksiya verəcəklərini gözləmək lazım deyil. Təbii ki, Ermənistanın qərarından aslı olmayaraq Azərbaycan bu nəzarət buraxılış məntəqəsini quracaq. Sadəcə rəsmi İrəvan Münxen Təhlükəsizlik konfransından bir həftə keçməmiş atəşkəsi pozması ilə dünya ictimaiyyətinin diqqətini regiona cəlb etmək istəyir “.

Əlimusa İbrahimovun fikrincə, dünya dövlətləri Ermənistanı onun istədiyi səviyyədə dəstəkləmir:

“İrəvan istəyir ki, həmin dövlətlər Azərbaycana qarşı çıxış etsinlər. Lakin bu, baş tutmur. Buna görə də yenidən aranı qarışdırmaq cəhdlərini həyata keçirirlər. Eyni zamanda görürük ki, Avropa missiyası Ermənistanda fəaliyyətə başlayıb. Bu da özünün təsirini göstərir. Ermənistanın yaratdığı bu təxribatların sonradan ölkəmizin üzərinə yıxılması cəhdinə də şahid olacağıq. Lakin bu da əvvəlki cəhdlər kimi uğursuz olacaq. Azərbaycan prezidenti Münxen konfransında birmənalı şəkildə bildirdi ki, ermənilərin yaratdığı hay-küy qərəzli məlumatlardan başqa birşey deyil. Bütün dövlətlər də vəziyyətin nə yerdə olduğunu bildi. Düşünmürəm ki, onların atdığı addımlar istədiyi nəticəni verəcək “.

//Safura Bənnayeva, Editor.az