İrəvan Dehlidən silah alıb, Rusiyaya göndərir – Sensasiyabackend

İrəvan Dehlidən silah alıb, Rusiyaya göndərir – Sensasiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərbin Rusiyaya qarşı tədbiq etdiyi sanksiyalardan yan keçmək üçün (yalnız silah-sursat məsələsinə ciddi nəzarət edirlər, ölkələr də Şimali Koreyadan başqa, Kremlə silah satmır) elə Qərb şirkətləri onlarla mexanizm tapıblar, həmin şirkətlər bir neçə ölkədən, o cümlədən Ermənistandan gen-bol istifadə edirlər. İrəvan Kreml üçün “nəfəslik”lərdən biri rolunu oynayır, ona görə də sözdə “dalaşsalar” da, əməldə ciddi əməkdaşlıqları davam edir.

Bu barədə iqtisadçı Natiq Cəfərli qeyd edib.

O bildirib ki, son 2 ildə Ermənistandan Rusiyaya ixrac 3 dəfəyə yaxın artıb, illik qarşılıqlı ticarət dövriyyələri 5 mlrd. dolları keçib:

“Belə “düşmənçilik” olmur. Son 2 ildə Ermənistan Rusiyaya 3,7 mlrd. dollarlıq ikili təyinatlı mal ixrac edib – yarımkeçiricilər, mikrosxemlər, elektron avadanlıqlar. Ermənistan bu məhsulları istehsal edirmi – təbii ki, yox, Rusiya Ermənistanda yerli şirkətlər yaradıb rahatlıqla işləyir. İrəvan da babat pul qazanır, ona görə ÜDM artımı onlarda tarixi rekordlar vurur”.

Ekspert bildirib ki, Qərb Rusiyaya neft və neft məhsullarını almağı qadağan edib, amma ehtiyacları var, hələ Sovet dövründən bəzi zavodlar məhz Rusiya neftinə uyğun emal texnologiyaları ilə təhciz edilib, çünki rus nefti daha ağır neftdir, emalı bir az fərqlidir:

“Buna görə də maraqlı bir sxem düşündülər – Hindistan Rusiyadan neft alır, başqa tankerə boşaldır və ya emal edir və Avropaya satır. Formal olaraq bu artıq rus nefti olmur, Qərbin vicdanı “təmiz” qalır, amma ehtiyacını da ödəmiş olur.

2023-cü ilin ilk yarısında Hindistan Rusiyadan 2022-ci ilin eyni dövrünə nisbətən 11 dəfə (!!!) çox neft alıb! Rusiya bu ilin ilk 6 ayında Hindistana 31,6 mlrd. dollarlıq mal (neft/neft məhsulları) satıb, həmin ölkədən isə cəmi 1,7 mlrd. dollarlıq mal alıb – beləliklə, 30 mlrd. dollara yaxın Rusiyanın lehinə müsbət saldo yaranıb və bu vəsait Hindistan rupisində bu ölkənin banklarına yığılıb. Çünki Hindistan Mərkəzi Bankı onları konvertasiya edib Rusiyaya ötürməyə mane olacaq qərar verib. Yəni rəsmi Dehli də gördü ki, gəlib-gedən rusun pulunu yeyir, dedilər, biz kimdən əskiyik, müəyyən maneələr icad etdilər, bilirlər ki, Kremlin başqa yolu yoxdur, nefti satmaqda davam edəcək. Hindistan qərar verdi ki, Rusiya o rupilərə ölkədən nə istəsə, alıb apara bilər.

Son aylar Hindistan, nədənsə, Ermənistanı yaman sevməyə başlayıb, ard-ardına silah anlaşmaları imzalayır, silah göndərirlər. Bəyəm İrəvanın indi Hindistandan silah almağa ildə 1 mlrd. dollar artıq pulu var?! Məncə, sxem belədir – Rusiya Hindistan banklarında ilişən 30 mlrd. dollarlıq rupiyə arada silah alıb Ermənistan alırmış kimi rəsmiləşdirib, İrəvana göndərir, sonra da həmin silahlar Rusiyaya gedir, bəzi silah növləri, raketlər Rusiyanın istehsal etdiyi ölçüdə və kalibrdədir, hətta Rusiya üzərindəki yazıları, nömrələri asanlıqla dəyişib öz malı kimi istifadə edə bilər.

Beləliklə, bu “hind filmini” ciddi araşdırmaq lazımdır, Azərbaycanın rəsmi orqanları məsələni beynəlxalq gündəmə çıxarmalıdırlar, çox güman, əsl “Bollivud” stilindədir, birinə zərbə dəyir, 15 metr o yanda o birisi yıxılır…”

Milli.az