İrəvan erməni lobbisinə qarşı – Paşinyan hökuməti separatçıları terrorçu sayırbackend

İrəvan erməni lobbisinə qarşı – Paşinyan hökuməti separatçıları terrorçu sayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni lobbisi himayədarlarından pul qoparmaq üçün yeni şouya hazırlaşır. Yanvarın 27-28-də Avropanın 14 ölkəsində erməni lobbisi aksiyalar keçirmək niyyətindədir. Aksiyalarda Azərbaycan torpaqlarında terror törətmək və separatçı çağırışlar etməkdə ittiham olunaraq həbs edilən şəxslərin azad olunması tələbi ilə yanaşı, keçmiş separatçı rejimlə bağlı şüarlar da səslənəcək. “Aksiyalar” ermənilərin sıx yaşadığı ölkələrin 50-ə yaxın şəhərində keçiriləcək. Qeyd edək ki, 2023-cü ilin payızında antiterror əməliyyatlarındansonra Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkar separatçı rejimin keçmiş rəhbərlərini və nümayəndələrini, xüsusilə Ruben Vardanyan, Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, David İşxanyan, David Manukyan, Levon Mnatsakanyan, David Babayanı həbs edib. Hazırda bu şəxslər barələrində məhkəmə prosesinin keçiriləcəyi günü gözləyirlər.

Maraqlıdır ki, bu aksiyanın elan olunmasından dərhal sonra Ermənistan hakimiyyəti lobbiyə yönəlik bir sıra mesajlarla çıxış edib. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yanvarın 8-də verdiyi açıqlamada Azərbaycanda 23 erməni hərbçinin əsirlikdə olduğunu bildirib və yuxarıda adları çəkilən separatçıların adlarını belə çəkməyib. “Ümid edirik ki, Azərbaycanla sülh sazişi imzalanana qədər məhbuslar məsələsi həll olunacaq. Təsdiq edilmiş 23 erməni məhbusun hamısının Ermənistana qayıdacağına ümid edirik”, – Qriqoryan Ermənistan İctimai Televiziyasının efirində bildirib. Dekabrın 13-də Azərbaycan 32 erməni hərbçisini Ermənistana qaytarıb.

Mübadilə Ermənistanın baş nazirinin ofisi ilə Azərbaycan Prezidentinin Administrasiyası arasında əldə olunan razılaşma nəticəsində mümkün olub. Şübhəsiz ki, hakimiyyətdə təmsil olunan yüksək rütbəli şəxsin bu açıqlaması erməni lobbisində ciddi narazılıq doğuracaq. Onların baş nazir Nikol Paşinyana qarşı hücumlarının artacağı da şübhəsizdir.

Erməni diasporasının aktivləşməsinə gəlincə, bunun səbəbləri müxtəlifdir və ilk yerdə onun nüfuzunun getdikcə azalmasıdır. ABŞ-dakı erməni lobbisinin sıralarında artıq analoji problemlər açıq hiss olunur. Məlumatlara görə, bu ölkədə fəaliyyət göstərən Amerika Erməni Milli Komitəsi (ANKA) beynəlxalq nüfuzunu və tərəfdaşlarını itir-itirə gedir. Təşkilatın sponsorları bir-bir ona dəstək verməkdən imtina edir, Amerika və Avropadakı tərəfdaşları da artıq belə bir addım atıblar.

İkinci bir məsələ ondan ibarətdir ki, aksiyalar Ermənistan hakimiyyəti ilə razılaşdırılmayıb. Rəsmi İrəvanın bu aksiyalara dəstək verdiyi barədə məlumatlar yoxdur. Erməni lobbisi bütün fəaliyyəti isə bəllidir. Yarandığı gündən ancaq fövqəldövlətlərin maraqlarını ifadə edib, terror sifarişlərini həyata keçirib. Azərbaycanla Ermənistan arasında sülh prosesinə əngəl olmaq sifarişi də məhz həmin dövlətlərdən, beynəlxalq təşkilatlardan gəlir. Bu da faktdır. Məsələn, Ermənistan hakimiyyəti indiyə qədər Bakı həbsxanalarında məhkəmə qərarlarını gözləyən şəxslərlə bağlı hər hansı bir irad və tələb irəli sürmədiyi halda, lobbinin belə təşəbbüsü aksiyaların əsl mahiyyətini ortaya qoyur. Məsələnin digər bir tərəfi ondan ibarətdir ki, bu şəxslərlə bağlı aksiyaların keçirilməsi Azərbaycana qarşı təzyiq göstərməyə hesablanıb. Erməni lobbisi və onun havadarları anlamaq istəmirlər ki, separatçılıqda ittiham olunan şəxslərin taleyini Azərbaycan rəhbərliyi həll edəcək. Heç bir təzyiq də ona təsir edə bilməz.

Qeyd edək ki, erməni lobbisinin aksiya təşəbbüslərindən əvvəl də Avropanın bir sıra siyasətçiləri, hətta Parisin ermənipərəst meri Ann İdalqo da həbsdə olan erməni separatçıların azad olunması çağırışı ediblər. Onunla yanaşı, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) keçmiş prokuroru Luis Moreno Okampo da bu sırada olub. Bu şəxsi 44 günlük müharibə zamanı Gəncə və digər şəhərlərimizin bombalanması əmrini şəxsən verdiyini etiraf edən Arayik Arutyunyan, qondarma quruma rəhbərlik etmiş Bako Saakyan və Arkadi Qukasyan, erməni milyarder Ruben Vardanyanla dostluq birləşririb. Luis Moreno Okampo həm də bir neçə il əvvəl korrupsiya və cinsi təqibdə ittiham olunub. İndi də onun erməni kampaniyasının önündə getməsi də təsadüfi deyil. Vaxtilə Arayik məhz Okampodan Qarabağdakı vəziyyətə münasibət bildirməyi xahiş edib və bu, faktdır. Eks-prokuror da tapşırığı yerinə yetirib və Qarabağda mövcud vəziyyət barədə qərəzli hesabat dərc edib. Keçmiş prokurorun Qarabağda “humanitar fəlakət” yaşanması ilə bağlı yersiz iddiası hətta Qərb mediası tərəfindən təkzib olunmuşdu.

Beləliklə, erməni lobbisinin “dəstək aksiyası” şousunun hədəfi bəllidir. Lobbi soydaşları arasında nüfuzunun itirməsi ilə yanaşı, hər il Qarabağa yardım adı altında keçirilən xeyriyyə marafonlarında qazandığı milyardlarla dollar vəsaitdən məhrum olub. Bununla da barışmaq istəmir. Ona görə də belə şoular düzəltməyə çalışır və gələcəkdə də bu tip aksiyaların sayının artacağını gözləmək olar.

REPORT