“44 günlük Vətən müharibəsindən sonra Azərbaycan bəyan etmişdi ki, biz öz ərazimizdə qeyri-qanuni silahlı birləşmələrin qalmasına imkan verməyəcəyik. Son üç ildə Bakı Qarabağ ermənilərinə daha çox nəzarət imkanı qazanmışdı ki, bu da bizim ən böyük üstünlüklərimizdən biri idi. Təbii ki, bizim ərazimizdə hər hansı separatçı qurum sonsuza qədər qala bilməzdi. Prezident İlham Əliyev də bəyan etmişdi ki, biz öz tarixi torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik”.
Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Millət vəkili bildirib ki, sentyabrın 19-da reallaşan lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan suverenliyini təmin edib:
“Azərbaycanın bütün addımları beynəlxalq hüququn norma və prinsiplərinə uyğundur. Heç kim bu məsələdə rəsmi Bakının iradəsinə və qərarlarına təsir edə bilməz. O ki qaldı Rusiyanın Ermənistanı satması ilə bağlı fikirlərinə, burada daha çox Ermənistanın forpostluqla bağlı himayədarını dəyişməsindən söhbət gedir. İrəvan Fransanın forpostu olmağa çalışır, ABŞ-la birgə hərbi təlimlər keçirir, KTMT-dən çıxmaq haqqında düşünür. Təbii ki, bu davranışlar Rusiyanı qıcıqlandırır. Ümumiyyətlə, Ermənistanın eyni vaxtda “2-3 stulda oturmaq” cəhdləri hər zaman Kreml tərəfindən qəzəblə qarşılanıb və Rusiya öz forpostunun nəzarətdən çıxmasını istəmir. Amma Azərbaycanın öz ərazilərində antiterror tədbiri görməsi, separatçıları həbs etməsi rəsmi Bakının daxili işidir. Necə ki, 44 günlük Vətən müharibəsində Ermənistan Rusiya başda olmaqla 3-cü, 4-cü tərəfləri münaqişəyə cəlb etmək istədi, amma müharibə Azərbaycan ərazilərində getdiyindən hətta KTMT belə İrəvanı müdafiə etmədi. Rusiya Prezidenti Vladimir Putin də Valday Diskusiya Klubunda çıxışı zamanı bəyan etdi ki, Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb və məsələ bitib. Hazırda Xankəndidə gedən proseslərə də heç bir kənar qüvvə təsir edə bilməz. Doğrudur, təsir və təzyiq cəhdləri var. Biz Fransanın timsalında bu müdaxiləni görürük, amma bu yanaşma artıq mövcud reallığı dəyişə bilməz. İrəvan-Moskva münasibətlərinə gəlincə, soyuqluq pik həddə çatıb. Amma görünən budur ki, bu soyuqluq Ermənistana baha başa gələcək. Bu gedişlə Ermənistanı Livanın, Suriyanın aqibəti gözləyir”.
//Gülnarə Abasova, Editor.az

