Ermənistanda yeni Konstitusiyanın layihə mətni artıq hazırlanıb və “Vətəndaş Müqaviləsi” Partiyasının idarə heyətinin iclasında, eləcə də eyni adlı parlament fraksiyasında müzakirəyə çıxarılacaq.
Bu barədə Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan Nazirlik yanında İctimai Şuranın ilk iclasında məlumat verib. Erməni nazir bildirib ki, layihə mövcud idarəetmə sistemindən imtinanı nəzərdə tutmur. Sənəddə hakimiyyət qollarının daha çox desentralizasiyasına və onların balanslaşdırılmasına yönələn dəyişikliklər təklif olunur. Ermənistan Konstitusiyasında ölkənin Müstəqillik Bəyannaməsinə istinad olunmayacağı vurğulanıb.
Qeyd edək ki, Ermənistan Konstitusiyasında Azərbaycana, Türkiyəyə və digər qonşu ölkələrə ərazi iddiası var və bu səbəbdən də rəsmi Bakı Ermənistandan öz Konstitusiyasını dəyişməyi, oradan ərazi iddiaları əks etdirən bəndlərin çıxarılmasını tələb edir.
Əgər mətn hazırdırsa, onda referendumun keçirilməsi qalır. Bəs onu seçkilərdən dərhal sonra təşkil etmək mümkün olacaqmı? Erməni seçicilər yeni konstitusiyanın qəbuluna razılaşmaya bilərmi?

Milli Məclisin üzvü Elçin Mirzəbəyli Musavat.com-a dedi ki, Ermənistanda yeni Konstitusiya layihəsinin hazırlanması və onun siyasi müzakirə mərhələsinə daxil olması ölkənin daxili siyasi gündəliyi ilə yanaşı, regionun geosiyasi reallıqları baxımından da xüsusi diqqət tələb edən prosesdir:
“Ədliyyə naziri Srbuhi Qalyanın açıqlamalarından belə qənaətə gəlmək olar ki, rəsmi İrəvan formal olaraq idarəetmə modelini dəyişmədən, daha çox hakimiyyət qolları arasında balans və desentralizasiya mexanizmlərini gücləndirməyə yönəlmiş islahat paketi təqdim etməyə çalışır. Lakin bu yanaşma məsələnin yalnız institusional tərəfini əhatə edir, vacib olan siyasi və hüquqi mahiyyət isə daha dərindir.
İlk növbədə diqqət çəkən məqam Ermənistan Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması ilə bağlı niyyətdir. Bu dəyişiklik zahirən texniki xarakter daşısa da, əslində ciddi siyasi məna kəsb edir. Belə ki, həmin Bəyannamədə əks olunan müddəalar, o cümlədən Azərbaycana qarşı ərazi iddiaları Ermənistanın hüquqi-siyasi doktrinasının əsas elementlərindən biri kimi çıxış edir. Bu istinadın aradan qaldırılması, konstitusiyanın müəyyən mənada beynəlxalq hüquq normalarına uyğunlaşdırılması, kommunikasiyaların açılması, sülh gündəliyinin irəlilədilməsi baxımından müsbət siqnal kimi qiymətləndirilə bilər.
Lakin burada əsas sual ondan ibarətdir ki, təqdim olunan layihə doğrudanmı Ermənistanın konstitusion əsaslarında mövcud olan ərazi iddialarını tam aradan qaldırır, yoxsa bu, sadəcə formanın dəyişdirilməsi ilə məzmunun qorunub saxlanması cəhdidir? Rəsmi Bakının mövqeyi birmənalıdır. Hər hansı sülh sazişinin imzalanması üçün Ermənistan öz əsas qanunvericiliyindəki ərazi iddialarını açıq və hüquqi cəhətdən aradan qaldırmalıdır. Əks halda, konstitusion səviyyədə qorunan iddialar gələcəkdə revanşist qüvvələr üçün daxili hüquqi qərar bazası rolunu oynaya bilər”.
Siyasi təhlilçiyə görə ,digər mühüm məsələ prosesin hüquqi-təqvim çərçivəsidir:
“Ermənistan qanunvericiliyinə əsasən, hər hansı seçkidən sonra 6 ay müddətində referendum və ya növbədənkənar seçkilərin keçirilməsi mümkün deyil. Bu isə o deməkdir ki, Konstitusiya layihəsi artıq hazır olsa belə, onun dərhal referenduma çıxarılması hüquqi baxımdan mümkün olmayacaq. Beləliklə, rəsmi İrəvan ya seçki təqvimini nəzərə alaraq prosesi uzatmalı, ya da siyasi legitimlik baxımından riskli alternativ yollar axtarmalı olacaq. Bu gecikmə isə həm daxili siyasi dinamikanı, həm də regionda gedən sülh prosesini ləngidə bilər”.
Deputatın sözlərinə görə, referendumun nəticələri ilə bağlı ehtimallar da birmənalı deyil:
“Ermənistan cəmiyyətində siyasi parçalanma, xüsusilə də müxalif və revanşist qüvvələrin təsiri nəzərə alınarsa, yeni konstitusiyanın qəbulunun asan olmayacağı aydındır. Əgər layihədə doğrudan da ərazi iddialarının aradan qaldırılması və ya onların zəiflədilməsi nəzərdə tutulursa, bu, radikal dairələrin ciddi müqaviməti ilə üzləşə bilər. Digər tərəfdən, əhalinin sosial-iqtisadi problemlər fonunda konstitusion dəyişikliklərə marağının aşağı olması da referendumun nəticələrinə təsir edən amillərdəndir.
Bununla yanaşı, hakim “Vətəndaş Müqaviləsi” Partiyasının parlament çoxluğuna malik olması siyasi təşviqat və inzibati resurslar baxımından üstünlük yaradır. Nəticə etibarilə, Ermənistanın yeni konstitusiya təşəbbüsü formal hüquqi islahat çərçivəsindən kənara çıxaraq daha geniş siyasi və geosiyasi kontekstdə qiymətləndirilməlidir. Əsas məsələ yalnız idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi deyil, həm də ölkənin gələcək xarici siyasət kursunun və regiondakı mövqeyinin müəyyənləşdirilməsidir.
Əgər konstitusion dəyişikliklər real olaraq ərazi iddialarının aradan qaldırılmasına və beynəlxalq hüquqa uyğun davranış modelinin formalaşmasına xidmət edərsə, bu, Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmin olunması üçün mühüm addım ola bilər. Əks halda, proses, sadəcə, siyasi imitasiya təsiri bağışlayacaq və regionda etimad mühitinin formalaşmasına töhfə verməyəcək”.

