“İrəvan Qərbin qəzəbindən qorxur”-İran Ermənistanı silahlandırır?-ŞƏRHbackend

“İrəvan Qərbin qəzəbindən qorxur”: İran Ermənistanı silahlandırır?-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İranın Ermənistana dəstək verməsi, son 30 ildə ermənilər üçün “nəfəslik” rolunu oynaması hamıya məlumdur”.

Bu fikirləri Editor.az-a açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov bildirib.

Onun sözlərinə görə, Ermənistanın İrandan silah alması haqqında rəsmi məlumat yoxdur: “Gizli şəkildə silahlandırma ola bilər. İranla Ermənistan arasında dron və digər silahların alınması barədə heç bir rəsmi sənəd imzalanmayıb. Çünki Ermənistan Qərbin qəzəbindən qorxur. ABŞ, İsrail və digər Qərb ölkələrinin İrana münasibəti məlumdur.  1979-cu ildən İran sanksiyalar altındadır və yenilərinin də tətbiq olunacağı gözlənilir. Belə şəraitdə Ermənistanın İrandan silah alması məhz İrəvan üçün ciddi təhlükə yaradar. Hətta onlara qarşı da sanksiyalar tətbiq oluna bilər”.

Siyasətçi bildirib ki, Ermənistan belə risk edə bilməz: “Ona görə Ermənistan silahı Hindistandan alır, Rusiyaya ümid edir. Ermənilərə silah satmaq istəyənlərin də üzləşdiyi problem var. Silahları yalnız İranın üzərindən göndərmək mümkündür. Xaricdən silah almaq bu ölkə üçün olduqca çətindir”.

A.Səmədov qeyd edir ki, əgər Ermənistan İrandan dron və digər texnikalar alarsa, Azərbaycan üçün təhlükəli vəziyyət yaranar: “İran dronları kifayət qədər ucuz silahlardır. Rusiya Ukraynada onlardan istifadə etdi və infrastruktorun sıradan çıxarılmasında bu dronlar böyük rol oynadı. İran əgər Ermənistana həmin dronları satarsa, Azərbaycan bunun qarşılığında müəyyən addımlar atmalıdır. İsrail və Türkiyə ilə əməkdaşlığımızın daha da genişlənməsinə çalışmalıyıq. Azərbaycan da dronlar istehsal edir. Bizə müəyyən çətinliklər yaransa da, bunun qarşısını almağa qadirik. Ermənistan silahlanmağa başlasa Azərbaycanla mübarizədə yenə məğlub olacaq. Nəticədə zərbə Ermənistanın onsuzda taqətdən düşmüş iqtisadiyyatına dəyəcək”.

//Safura Bənnayeva, Editor.az