“Avropa Siyasi Birliyinin 4-cü Zirvəsinə ev sahibliyi edən Böyük Britaniya zirvədə iştirak edən Azərbaycan və Ermənistan liderlərinin görüşünün təşkil edilməsi təklifi ilə çıxış edib. Britaniyanın digər Avropa ölkələri kimi danışıqlar prosesində iştiraketmə istəyi də anlaşılandır”.
Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Onun sözlərinə görə, London görüşün təşkil edilməsi fürsətindən yararlanmaq və sülh danışıqları istiqamətində nəticələr əldə etmək imkanını dəyərləndirmək istəyib:
“Azərbaycan bu təklifi qəbul etsə də, Ermənistan tərəfi bundan imtina edib, “ikitərəfli formatda” görüşmək təklifini irəli sürüb. Halbuki, Avropa platformasında üçtərəfli və çoxtərəfli görüş təkliflərini əsasən Ermənistan dəstəkləyirdi. Ermənistanın Britaniyanın təklifindən imtina etməsinin arxasında birdən çox məqam var. London danışıqlarından imtina edilməsi, Ermənistanın sülhə yox, məhz Böyük Britaniyanın sülh prosesində iştirakına qarşı olduğunu göstərir. “İkitərəfli formatda” görüş təklifini irəli sürmələri rəsmi İrəvanın məhz Britaniyanın danışıqlarda iştirakına qarşı olduğunu əyani təsdiq edir. Düşünürəm ki, bu, bir növ keçən il cənab Prezidentin İspaniyanın Qranada şəhərində planlaşdırılan beştərəfli görüşdən imtinasına qarşılıqdır.
Həmçinin İrəvan “ümid yeri” kimi baxdığı Avropada Bakının mövqelərinin güclənməsindən narahatdır. Fransadan fərqli olaraq, Britaniya tərəflər arasında balanslı mövqe sərgiləyir və ədalətli sülhdən yanadır, üçtərəfli və çoxtərəfli görüş platformasında balansın Azərbaycanın xeyrinə dəyişməsi perspektivi yarana bilər. Bu da Ermənistanı təşvişə salır. İndiyə qədər Fransa Avropadakı danışıqlara birbaşa, yaxud dolayısı müdaxilələrlə Ermənistanın mövqeyini ön plana çıxarda bilirdisə, indi situasiyanın onların əleyhinə dəyişməsi riski yaranıb. İrəvan da anlayır ki, Britaniya Qərbdəki danışıqlarda təşəbbüsü ələ alarsa, balansın xeyirlərinə dəyişmək çətin olacaq”.
//Gülnarə Abasova, Editor.az

