“İrəvanda keşiş Baqrat Srbazanın rəhbərliyi altında keçirilən etiraz aksiyaları əslində erməni üçlüsü, yəni, kilsə, diaspora və Qarabağ klanının ortaq şəkildə Nikol Paşinyanı devirmək üçün son cəhdidir. Müşahidələrə əsasən demək olar ki, bu kilsə qiyamı Rusiyanın xüsusi xidmət servisləri tərəfindən idarə olunur. Çünki iştirakçıların əsas qismi Rusiya kəşfiyyatına bağlı qruplaşmalardır”.
Bu fikirləri Editor.az-a açıqlamasında siyasi analitik Elçin Xalidbəyli deyib.
Onun sözlərinə görə, erməni kilsəsi də, Qarabağ Klanı da Rusiyanın nəzarətində olan mərkəzlərdir:
“Sadəcə prosesləri maliyyələşdirən tərəf qismində diaspor iştirak edir. Diasporun da bir hissəsi Rusiyaya bağlıdır. Yalnız Rusiyada yaşayanlar yox, həm də Fransadakılar da bu Srbazan hərəkatını dəstəkləyir, yəni, Rusiya ilə eyni mövqedən çıxış edirlər. Qəliz bir situasiyada bunlar Paşinyanın hakimiyyəti üçün müəyyən təhlükədir. Ancaq son hadisələr onu göstərir ki, erməni baş nazir bu təhlükəni dəf etmək üzrədir. Böyük ehtimalla yaxın vaxtlarda bu etiraz aksiyaları kilsə ilə Paşinyan hakimiyyəti arasındakı savaşın yekun mərhələsi ilə nəticələnəcək. Çünki Paşinyan hakimiyyəti erməni kilsəsi ilə haqq-hesab çəkməklə bağlı qərarlı görünür. Kilsənin torpaqlarının əlindən alınması, biznes fəaliyyətinə vergilərin qoyulması ilə bağlı müəyyən cəhdlər mövcuddur, hətta qanun layihələri belə hazırlanır. Belə anlaşılır ki, Paşinyan hakimiyyəti erməni kilsəsini küncə sıxışdırıb erməni toplumuna təsirini zəiflətməyə çalışacaq. Böyük ehtimalla buna nail olacaq. Ümumiyyətlə, bu hadisələr onu göstərir ki, Ermənistanda siyasi lider çatışmazlığı var və əks halda keşiş Srbazan kimi intellektsiz fırıldaqçı baş nazir postuna namizədliyini irəli sürə, və ya müəyyən sayda kütləyə liderlik edə bilməzdi. Bu baxımdan son görünən odur ki, artıq Srbazanın arxasıyca gedənlərin də sayı azalır. Yəqin ki, bir neçə ay ərzində Paşinyan hakimiyyəti özünə qarşı olan müxalifəti tamamilə sıradan çıxartmaq şansı qazana bilər. Bu hadisələrin Paşinyanın hakimiyyətdən devrilməsi ilə nəticələnmə ehtimalı inandırıcı görünmür. Böyük ehtimalla bu prosesdən Paşinyan qalib ayrılacaq”.
//Gülnarə Abasova, Editor.az