Ermənistan müxalifəti müddətsiz etiraz aksiyası elan edib. Bu barədə İrəvanın Azadlıq meydanındakı mitinqdə çıxış edən müxalifət lideri Artur Vanetsyan bildirib. Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq istəyini bildirib. Əsas tələb isə Baş nazir Nikol Paşinyanın Azərbaycanla danışıqlarına mane olmaq, sülh sazişinin bağlanmasını rədd etməkdir. O hesab edir ki, bütün bunlar Qarabağın birdəfəlik itirilməsi deməkdir. Ona görə müxalif lider hamını küçəyə çıxmağa, Paşinyana etiraz etməyə səsləyir.
Mövzu ilə bağlı Editor.az-a danışan politoloq Şəbnəm Həsənovanın sözlərinə görə, regionda yaranmış yeni geosiyasi vəziyyəti düzgün dəyərləndirə bilməyən, daxildə öz maraqları, xaricdə isə başqa dairələrin maraqlarına xidmət edən, Ermənistan cəmiyyətini və xalqını hər vəchlə yanlış istiqamətə sürükləməyə çalışan dairələr postmünaqişə dövrünün ilk günlərindən var, indi də mövcuddurlar:

“Məsələn, Nikol Paşinyanın Ermənistan parlamentində səsləndirdiyi fikirləri xəyanət hesab edən erməni politoloq Andranik Hovannisyan kimi… Bunun ardınca, İrəvanın Azadlıq meydanındakı mitinqdə çıxış edən müxalifət lideri Artur Vanetsyan Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq istəyini bildirərək müddətsiz etiraz aksiyası elan etdi. Onların əsas tələbi Baş nazir Nikol Paşinyanın Azərbaycanla danışıqlarına mane olmaq, sülh sazişinin bağlanmasını rədd etməkdir. O hesab edir ki, bütün bunlar Qarabağın birdəfəlik itirilməsi deməkdir. Ona görə müxalif lider hamını küçəyə çıxmağa, Paşinyana etiraz etməyə səsləyir. Əvvəla, “Bu aksiyaların Paşinyanın qərarlarına təsiri olacaqmı?” sualına cavab tapmaq üçün sual qaldırmalıyıq ki, aksiyalar xalq tərəfindən ciddi dəstək ala bilərmi? Bir neçə real faktı ortaya qoymaqla, qəti yox. Belə ki, müharibənin uduzulmasına, müharibənin və dünyada gedən qlobal iqtisadi krizisin gətirmiş olduğu çətinliklərə baxmayaraq xalq yenə də Paşinyana səs verdi. Bundan əlavə, məsələ sadəcə Ermənistanın daxili siyasəti və auditoriyası ilə bağlı məsələ deyil. Daha dəqiq izah etsək qarşıdurma üçün Ermənistanın hərbi, siyasi, iqtisadi gücünün olmadığı kimi, xarici dəstəyinin də nəticəni dəyişməyə yetəcək ölçüdə olmamasıdır. Paşinyan Ermənistan parlamentindəki çıxışı zamanı xalqa da, müxalif dairələrə də açıq şəkildə o mesajı ötürdü ki, reallıqla barışmalıyıq və Qərb dairələri də deyir ki, Türkiyənin regionda müttəfiqi olan Azərbaycanın ərazi bütövlüyünü tanımamaq Ermənistan üçün böyük təhlükə ola bilər. Qərb dairələri onu da bildiriblər ki, bu məsələdə biz sizə kömək edə bilmirik. Deməli, bir tərəfdən Qərbdən olan dəstək əhəmiyyətli dərəcədə azalıbsa, digər tərəfdən də cənab Prezident İlham Əliyev cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə bildirdi ki, Ermənistanın havayı silahlandırılmasına son qoyulmalı, belə olarsa biz bunu qeyri-dost addım kimi dəyərləndirəcəyik. Konkret və ayaq səsləri güclü olan addımlar atmaqla Azərbaycan hərbi cəhətdən əhəmiyyətli dərəcədə güclənir. Odur ki, yenə də Ermənistan hərtərəfli nəfəssiz qalıb. Bundan əlavə, bir incə məqama diqqəti çəkmək istəyirəm ki, vacib mesajları Paşinyanın parlamentdəki çıxışından öncə Azərbaycan dövlət başçısı verdi. Bu, hər qaranlıq məqama və suala cavabdır”.
Siyasi şərhçi hesab edir ki, Azərbaycanla sülh sazişindən sonra Ermənistanda hakimiyyət çevrilişi real deyil:
“Çünki o reallığı da yenə Azərbaycan yaradacaq. Etimad quruculuğu, sülh sazişi, nəqliyyat və kommunikasiyaların açılışı ölkəyə maliyyə və kapital axını gətirəcək ki, bu da nəticə etibarilə ermənilərin iqtisadi və sosial rifahının yaxşılaşmasına gətirib çıxardacaq. Bu baxımdan beynəlxalq təcrübə də sübut edir ki, nəqliyyat və kommunikasiyaların açılması da daxil olmaqla iqtisadi layihələr etimad quruculuğunda ciddi instrument kimi çıxış edir, çünki belə olan təqdirdə tərəflər mümkün hərbi eskalasiyadan çəkinirlər. Bir sözlə, proseslər gələcəyə və bölgənin inkişafına istiqamətlənib. Mövcud reallığı cənab Prezident İlham Əliyevin uzaqgörən siyasət yürütməklə yaratması şərtləri bundan sonra da proaktiv davranaraq bizim diqtə etməyimiz üçün tutarlı əsaslar yaradıb”.
//Gülnarə Abasova, Editor.az

