İrəvanda siyasi kartlar yenidən qarışır – Paşinyanın addımı nəyi dəyişəcək?backend

İrəvanda siyasi kartlar yenidən qarışır – Paşinyanın addımı nəyi dəyişəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda siyasi proseslərin növbəti mərhələyə qədəm qoyması fonunda baş nazir postu uğrunda mübarizənin əsas konturları artıq formalaşmaqdadır. Hakimiyyət daxilində qəbul edilən qərarlar təkcə ölkədaxili siyasi dinamikanı deyil, eyni zamanda regionda sülh və təhlükəsizlik gündəliyinə birbaşa təsir göstərmək potensialına malikdir. Bu baxımdan Nikol Paşinyanın yenidən namizədliyinin irəli sürülməsi həm Ermənistanın daxili siyasi mənzərəsi, həm də Azərbaycan-Ermənistan münasibətlərinin gələcək inkişaf trayektoriyası baxımından xüsusi diqqətlə qiymətləndirilməlidir.

Politoloq Asif Nərimanlı Editor.az-a açıqlamasında bildirib ki, Paşinyanın namizədliyinin irəli sürülməsi gözlənilən idi:

“Onun namizəd olması ilk növbədə Ermənistan daxilində müxalif qüvvələr üçün əlverişli perspektivlər vəd etmir və bu, onlar üçün arzuolunan hal deyil. Çünki Paşinyan faktiki olaraq hakim partiyanın və ümumilikdə hakim siyasi qüvvələrin əsas lideridir, eyni zamanda onu dəstəkləyən seçici elektoratının da başlıca simasıdır. 2018-ci ildə o, küçə etirazları nəticəsində hakimiyyətə gəldi və həmin dövrdə Ermənistan cəmiyyəti Köçəryan-Sarkisyan cütlüyünün təmsil etdiyi keçmiş hakimiyyətdən imtina etmək üçün məhz onu seçmişdi.

2020-ci il Vətən müharibəsindən sonra Ermənistanın məğlubiyyəti fonunda belə bir gözlənti yaranmışdı ki, Paşinyanın siyasi mövqeləri zəifləyəcək və seçici rəyi onun əleyhinə dəyişəcək. Xüsusilə revanşist mövqedən çıxış edən müxalifət bu istiqamətdə fəallaşmağa çalışırdı. Lakin müharibədən sonra keçirilən seçkilərdə Paşinyanın və onun rəhbərlik etdiyi partiyanın yenidən qələbə qazanması göstərdi ki, Ermənistan cəmiyyəti üçün iki əsas amil həlledicidir: sosial-iqtisadi rifahın təmin olunması və sülh şəraitində yaşamaq istəyi.

Məhz bu səbəbdən, məğlubiyyətə baxmayaraq, Paşinyana yenidən üstünlük verilməsi Ermənistan cəmiyyətinin prioritetlərini açıq şəkildə ortaya qoydu. Bu kontekstdə Paşinyan daha çox sülhün təminatçısı kimi qəbul edilir. Hazırkı seçki prosesində də həm hakimiyyətin, həm də müxalifətin əsas gündəliyi sülh və ya müharibə ritorikası üzərində qurulub. Hakimiyyət seçkiləri Azərbaycanla sülh prosesinin davam etdirilməsi və ölkənin sabit inkişafı üçün əsas seçim kimi təqdim edir və bildirir ki, onların məğlubiyyəti halında regionda yenidən gərginlik və eskalasiya riski yarana bilər”.

Ekspertin sözlərinə görə, Ermənistan müxalifəti, xüsusilə revanşist dairələr, Qarabağ məsələsi də daxil olmaqla əvvəlki iddialarını davam etdirmək niyyətindədir:

“Onlar hakimiyyətə gələcəkləri təqdirdə Azərbaycanla paraflanmış sülh sazişi layihəsinə yenidən baxacaqlarını bəyan edirlər. Lakin bu yanaşma Ermənistan cəmiyyətində geniş dəstək qazanmır. Müşahidələr göstərir ki, sosial-iqtisadi çətinliklər mövcud olsa belə, cəmiyyət üçün əsas prioritet yeni müharibə riskindən yayınmaq və sülhün qorunmasıdır. Bu baxımdan Paşinyan həmin kursun əsas daşıyıcısı kimi qəbul olunur.

Beləliklə, onun namizədliyi hakim partiyanın seçkilərdə üstün mövqeyini qorumasına xidmət edən əsas amillərdən biri hesab oluna bilər və bu, eyni zamanda Ermənistan daxilində siyasi güc balansını hakimiyyətin xeyrinə dəyişir. Bu isə müxalifət üçün ciddi perspektivlər vəd etmir.

Paşinyanın namizədliyi regiondakı proseslərə də birbaşa təsir göstərir. O, Azərbaycanla sülh gündəliyinin əsas tərəfdarlarından biri kimi çıxış edir və iki ölkə arasında paraflanmış sülh sazişi layihəsi məhz onun rəhbərliyi dövründə formalaşıb. Regional kommunikasiyaların açılması, qarşılıqlı etimad mühitinin qurulması və yekun sülh sazişinin imzalanması kimi məsələlər Paşinyan hakimiyyətinin prioritetləri sırasındadır.

Onun yenidən seçilməsi halında Azərbaycan-Ermənistan münasibətlərində əldə olunmuş müsbət dinamikanın davam etməsi və müharibədən sonrakı sülh prosesinin yekunlaşması ehtimalı artır. Əks halda, yəni revanşist qüvvələrin hakimiyyətə gəlməsi sülh prosesini ciddi risk altına sala bilər. Bu, xüsusilə son illərdə əldə olunmuş razılaşmaların, o cümlədən Vaşinqton görüşləri çərçivəsində formalaşmış etimad mühitinin və iqtisadi əlaqələrin bərpası istiqamətində atılan addımların sual altına düşməsi ilə nəticələnə bilər.

Bu baxımdan Paşinyanın namizədliyi və mümkün qələbəsi regionda sülh gündəliyinin davamlılığı, qurulan sülh memarlığının qorunması və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması baxımından mühüm amil kimi qiymətləndirilir. Bu faktor həm Ermənistanın daxili siyasi sabitliyinə, həm də ümumilikdə regiondakı proseslərin inkişafına birbaşa təsir göstərir”.

//Gülnarə Abasova, Editor.az