İrəvanın əvvəlcədən planlaşdırdığı təxribatın ilginc detallarıbackend

İrəvanın əvvəlcədən planlaşdırdığı təxribatın ilginc detalları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avropa İttifaqı (Aİ) mülki missiyası bölgədə insanların təhlükəsizliyinin təminatı, qarşılıqlı etimadın artırılması və Ermənistanla Azərbaycan arasındakı sülhün əldə edilməsinə yönəlmiş prosesdə Avropa İttifaqının səylərinin dəstəklənməsinə töhfə verəcək”.

Editor.az  Trend-ə istinadən bildirir ki, bu fikirləri Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Jozep Borrel 102 nəfərlik missiya Azərbaycan-Ermənistan şərti sərhəddinə yerləşdiyi ərəfədə vermişdi.

Digər avropalı rəsmilər də bu tipli açıqlamalar vermişdi. Amma proses Avropa İttifaqı rəsmilərinin proqnozlaşdırdığı kimi getmir.

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.

Daha sonra qarşı tərəf minaatan və iriçaplı silahlardan da istifadə etməklə mövqelərimizi atəşə tutmaqda davam edib. Ermənistanı hərbi təxribatı nəticəsində Azərbaycan Ordusunun 3 hərbçisi şəhid olub. Ermənistanın Müdafiə Nazirliyi isə hərbi gərginlik nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçinin isə yaralanması barədə məlumat yayıb.

Hərbi toqquşmadan sonra maraqlı detallar ortaya çıxıb. Məlum olub ki, təxribat baş verən zaman Ermənistan ordusunun korpus komandiri həmin mövqelərdə olub. Bu isə bir daha sübut edir ki, Ermənistan təxribatı əvvəlcədən planlaşdırıb və hazırlıq prosesinə nəzarət etmək üçün bölgəyə yüksək rütbəli hərbçilər göndərib.

Digər diqqətçəkən məqam Ermənistanın təxribat törətmək üçün seçdiyi vaxtdır. Sərhəddə təxribat baş verməmişdən bir neçə saat əvvəl tərəflərin Vaşinqtona dəvət olunması ilə bağlı xəbər yayılmışdı. Görünən odur ki, Ermənistan hakimiyyəti problemin kökündən həllində maraqlı deyil. Bu səbəbdən, sülh üçün yaranan münbit şəraiti təxribatları ilə darmadağın etməyə çalışmazdı.

Maraqlıdır ki, Ermənistanın planlı təhdidləri Aİ missiyası bölgəyə gəldikdən sonra daha da artıb.

Həmçinin Ermənistan hakimiyyətinin sülh prosesi ilə bağlı ritorikası dəyişib. Baş nazir Nikol Paşinyan Vətən Müharibəsindən sonra Azərbaycana qarşı sərt bəyanatlardan, təxribatçı ritorikadan çəkinirdi. Digər erməni rəsmilər də eyni mövqeyi nümayiş etdirirdi. Amma avropalılar Ermənistan ərazisinə ayaq açandan sonra rəsmi İrəvan təxribata daha çox meyillənib, vəziyyəti gərginləşdirəcək bəyanatlar verir.

İndi Ermənistan sülh üçün irəli sürülən bütün təşəbbüslərə üz çevirir, Azərbaycana qarşı ərazi iddialarını daha da sərtləşdirir. Bu mövqe dəyişikliyinin nəticəsidir ki, Ermənistan sərhəddə təxribat törədir, sülh prosesini uzadır. Bölgədə olan Aİ missiyası isə Ermənistanın hazırladığı tərxibatı görmür. Daha dəqiq desək, görməzdən gəlir. Proseslər göstərir ki, rəsmi İrəvanın “cəsarətli” bəyanatlarının arxasında ilk növbədə Avropa İttifaqı missiyasından aldığı “enerji” dayanır. Yəni avropalı rəsmilərin missiyanın regional sülhə xidmət edəcəyi ilə bağlı verdiyi proqnozlar özünü doğrultmur.

Missiyanın regiondakı mövcudluğu əks effekt verir, Ermənistanı yeni təxribatlara cəsarətləndirir. Aİ missiyası Ermənistanın sülhə təhdid addımları barədə də heç bir mövqe nümayiş etdirmir, erməni təxribatları ilə bağlı hesabat hazırlamır. Onlar hesabatları ilə deyil, proseslərə susqun mövqe nümayiş etdirməkləri ilə diqqəti üzərilərinə çəkirlər. Aydın olur ki, nə Aİ missiyası, nə də regional oyunçular Ermənistanı təxribatçı əməllərindən çəkindirmək niyyətində deyil.

Görünür, bölgədə sülhyaratma missiyasını yenə Azərbaycan Ordusu öz üzərinə götürməli olacaq. Ermənistanın bundan sonra törədəcəyi təxribatlara Azərbaycan tərəfinin sərt cavab verəcəyini indidən proqnozlaşdırmaq olar. Rəsmi İrəvanın Aİ missiyasına, həmçinin digər havadarlarına güvənərək törətdiyi təxribatların nəticəsi nə Ermənistan, nə də erməni xalqı üçün yaxşı olmayacaq.