“Nikol Paşinyan Ermənistan rəhbəri kimi növbəti dəfə özünün və ölkəsinin qeyri-səmimiliyini ortaya qoyur. Sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını dilə gətirsə də əməldə beynəlxalq mexanizmin yaradılması zərurətindən danışır”.
Bu fikirləri Editor.az-a Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov Ermənistan baş naziri Nikol Paşinyanın sülh gündəmindən danışarkən mümkün sülh sazişinin həyata keçirilməsini təmin edəcək beynəlxalq mexanizmlərin formalaşmasının vacibliyi barədə fikirlərini şərh edərkən bildirib.
X. Bəşirov qeyd edib ki, erməni baş nazirin fikirləri prosesi uzatmağa yönəlmiş cəhdlərdir:
“Ermənistan Azərbaycanla münasibətlərin normallaşması istiqamətində addım atmaq istəyirsə, ilk növbədə dərk etməlidir ki, beynəlxalq hüquqda bu məsələlərlə bağlı bütün məqamlar öz əksini tapıb. Sadəcə beynəlxalq hüquqla, mexanizmlə rəsmi İrəvanın üzərinə götürdüyü öhdəliklərə əməl etmək zərurəti var. O isə öz havadarları vasitəsilə bu prosesə hörmətsiz yanaşır. Siyasi ərköyünlük göstərir. Ermənistanın addımları beynəlxalq hüquq tərəfindən cavabsız qaldığı üçün bu hallar baş verir”.
Siyasi analitik onu da vurğulayıb ki, beynəlxalq mexanizmin tətbiqini istəyən İrəvanın diqqətinə bir neçə məqam çatdırılmalıdır:
“Əvvəla BMT-nin bütün ölkələrdə olduğu kimi Azərbaycanın da ərazi bütövlüyünü tanıdığı məqamlar var. Ərazilərimizin suverenliyi dünyanın 200-ə yaxın ölkəsi tərəfindən tanındığı halda Ermənistan bunu inkar edirsə, bu onun ağılsızlığından xəbər verir. Ermənistan baş naziri tanıdığı “Alma-Ata bəyannaməsi”ndə də bu məsələlər əks olunub. Eyni zamanda, Praqada keçirilən dördtərəfli görüşdə ərazi bütövlüyümüzü BMT nizamnaməsi və Alma-Ata bəyannaməsi əsasında tanıdığını dilə gətirdi. Bununla bağlı sənədi də rəsmi olaraq Soçidə imzaladı. BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə imzalanmış 4 qətnaməni, 2008-ci ildə BMT Baş Assambleyası tərəfindən imzalanan sənədi beynəlxalq mexanizm kimi Ermənistanın diqqətinə çatdıra bilərik. Əgər Nikol beynəlxalq mexanizmi zəruri hesab edirsə, kapitulyasiya aktını, 11 yanvar 2021-ci il Moskva bəyanatını, 26 noyabr 2021-ci ildə 1-ci Soçi bəyanatını, 31 oktyabr 2022-ci ildə 2-ci Soçi bəyanatını imzalayarkən, 6 oktyabr 2022-ci ildə Avropa siyasi birliyinin Praqada keçirilən ilk Zirvə toplantısında ölkəmizin ərazi bütövlüyü ilə bağlı fikir səsləndirərkən, dörd Brüssel görüşündə əldə edilmiş razılaşmalarda həmin məsələləri qaldırmırdı? Bütün bunlar İrəvanın regionda sülhün əldə olunmasında maraqlı olmadığını və bir daha “Dəmir yumruğ”u dadmaq istədiyini göstərir”.
//Safura Bənnayeva, Editor.az