“Azərbaycanla Ermənistan arasında münaqişə başa çatdıqdan sonra regionda bir neçə dəhliz ideyası meydana çıxıb”.
Bunu Editor.az-a siyasi şərhçi Əziz Əlibəyli Ermənistan hökumətinin Azərbaycanla müxtəlif istiqamətlərdə aparılan danışıqların təfərrüatını açıqlayarkən qeyd etdiyi “Ermənistan regionda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasında maraqlıdır və bunu ölkə qanunvericiliyi ilə müəyyən edilmiş qaydada, “Ermənistan kəsişməsi” layihəsi çərçivəsində mümkün qədər tez həyata keçirməyə hazırdır” fikirlərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Türkiyə, Ermənistan və Azərbaycanın Orta Asiya, Körfəz, Aralıq dənizlərini birləşdirmək kimi nəhəng dəhliz potensialı var:
“Bu istiqamətdə Ermənistandan keçib Naxçıvana çıxan Qars-Gümrü-Naxçıvan-Meğri-Bakı dəmiryolu modelinə nəzər sala bilərik. Vaxtilə Almaniya İstanbuldan Bağdada gedən dəmir yolu çəkmək istəyirdi. Lakin müharibə buna mane oldu.Hazırda isə Aralıq dənizini Ərəb körfəzinə birləşdirəcək real yoldan söhbət gedir. Bu o qədər nəhəng bir layihədir ki, burada Orta dəhliz də özünü tapa bilir. Məsələn, indiki Ermənistan ərazisinin həmin hissəsi İpək yolu ticarət məntəqəsinin adını daşıyan “Gəncə qapısı” kimi də tanınıb. Həmin bölgədən Gürcüstan istiqamətində neft-qaz kəmərləri, Bakı-Tibilisi-Qars dəmiryolu xətti də gedir. Lakin onu artıq Zəngəzur dəhlizi istiqamətinə salmaq lazımdır. “Ermənistan kəsişməsi” də elə budur. Ancaq bu terminin istifadəsi də bizim milli maraqlarımıza uyğun deyil. Çünki onların siyasi ədəbiyyata ötürdüyü bir ifadədir”.
//Safura Bənnayeva, Editor.az

