İrəvanın Zəngəzur imtahanı: bilməsə, uduzacaqbackend

İrəvanın Zəngəzur imtahanı: bilməsə, uduzacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

44 günlük İkinci Qarabağ Müharibəsi başa çatandan, 2020-ci ilin noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli bəyanat imzalanandan bəri Azərbaycanla Türkiyə ermənilərdən imzalanmış sənədin şərtlərinə riayəti istəyirlər.

Üçtərəfli bəyanatın bəndlərindən biri Azərbaycanın qərb rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizi layihəsinin istifadəyə verilməsini nəzərdə tutur. 42 km-lik hissəsi Ermənistan ərazisindən keçəcək bu layihə ilə bağlı Rusiya da sərt mövqe tutaraq İrəvandan öhdəliklərini icra etməsini istəyir.

Anlaşmanın şərtlərinə görə, dəhlizin Ermənistan ərazisindən keçəcək hissəsinə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) sərhədçiləri nəzarət etməlidirlər.

Ermənistanın baş naziri Nikol Paşinyan buna qətiyyətlə etiraz edir, “hər dövlətin ərazisindən keçən beynəlxalq marşrutlar, loqistika və kommunikasiya yolları həmin ölkənin müvafiq qurumlarının nəzarətində olmalıdır” deyir.

Bakı etiraz etmir, lakin Azərbaycan ərazisindən (qərb bölgələri) Azərğaycan ərazisinə (Naxçıvan) daşınan yüklər və hərəkət edən vətəndaşlarla bağlı Ermənistan nəzarət-təftiş prosedurlarını həyata keçirə bilməz.

Sabiq sovetlər dönəmində Azərbaycanın qərb bölgələri ilə Naxçıvanı Zəngəzurdan keçən avtomobil yolu, habelə Cənubi Qafqaz dəmiryolunun bir hissəsi birləşdirirdi.

Sovet İttifaqı dağılandan sonra yollar bağlandı. Ermənilər dəmiryolunun ölkə ərazisindəki hissəsini tamamən sökdülər.

İndisə Zəngəzur dəhlizi marşrutunun 70 faizinin inşası başa çatıb və layihənin bitməsi üçün sadəcə, Ermənistan ərazisindən keçəcək 42 kilometrlik kiçik hissə tikilərək istifadəyə verilməlidir.

Layihə işə düşərsə, Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arsındakı nəqliyyat dəhlizi ölkənin ixracını 710 milyon dollar artırmağa imkan verəcək.

Zəngəzur marşrutu Rusiyanın da diqqət mərkəzindədir. Ermənistanda Rusiyaya qarşı narrativlərin və anti-Rusiya meyllərinin artdığı, baş nazir Nikol Paşinyanın Qərbə meyllənmiş siyasətinin gücləndiyi şəraitdə rəsmi Moskva bu ölkədə ikinci konsulluq açmaq niyyətini bəyan edib. Konsulluğun Ermənistanın Qafan şəhərində açılması planlaşdırılıb.

Qafanda konsulluğun təsis edilməsi niyyətinin Zəngəzur dəhlizi layihəsi ilə bağlı olduğu şübhə doğurmur.

Səbəblər çoxdur, amma onların arasında biri xüsusi diqqətə layiqdir: İranın Qafanda konsulluğu fəaliyyətdədir, Fransa da bu şəhərdə konsulluq yaratmaq niyyətindədir.

Zəngəzur dəhlizinin məhz Qafanın yerləşdiyi bölgədən keçməsinin nəzərə tutulduğunu xatırlasaq, rəsmi Moskvanın konsulluq planı ilə bağlı rəsmi açıqlamaları diplomatik kazuistika təsiri bağışlayır.

Xankəndidəki separatçı xuntanın sonu çatdırılandan və qarabağlı ermənilərin tam əksəriyyəti Azərbaycandan Ermənistan ərazisinə könüllü köç edəndən sonra rəsmi İrəvanda Rusiyaya qarşı aşkar düşmənçilik meylləri sürətlə artıb.

Daha doğrusu, kollektiv Qərbin bilavasitə göstərişləri və təlimatları əsasında hazırlanmış strategiyaya uyğun olaraq Ermənistanın üzləşdiyi problemlərin istisnasız olaraq hamısında Rusiya günahkar bilinir.

Fransanın Ermənistanla bağlı siyasətinin məzmununun ermənilərə “havadarlıq”, İrəvandakı siyasi rejimə “hamilik” kimi qələmə verilməsi də Nikol Paşinyan administrasiyasını daha da cəsarətləndirib.

ABŞ və Avropa İttifaqı ilə kommunikasiyaların daha da intensivləşdirilməsi, əlaqələrin miqyas və sayının artırılması ilə məşğul olduğunu vurğulayan N.Paşinyan Qərbdən fasiləsiz dəstək umduğunu gizlətmir.

Onun ümidləri illüziyadır və buna, Rusiya XİN-nin sözçüsü Mariya Zaxarovanın bəyanatında da aşkar işarə vurulub.

“Başa çatmaqda olan il bir çox ölkələr və xalqlar üçün, o cümlədən Ermənistan üçün asan olmadı. Xarici qüvvələrin İrəvanı daha təhlükəli geosiyasi oyunlara cəlb etmək istəklərini görürürük. Ermənistan vətəndaşlarının taleyi Qərb üçün tam önəmsizdir. Onlar ermənilərin hisslərindən, ağrılarından və əzablarından yalnız öz məqsədləri üçün istifadə edirlər”, – M.Zaxarova söyləyib.

Beləliklə, Rusiya aşkar şəkildə bəyan edir ki, kollektiv Qərbin bütün geosiyasi oyunlarına, İrəvana ünvanlanmıq təzyiqlər və şirnikləndirmələrə, dilətutmalara və vədlərə rəğmən, Ermənistanı tərk etmək niyyətində deyil. Tam tərsinə, Rusiya ermənilərin dövlətində siyasi təsir imkanları ilə yanaşı, hərbi mövcudluğunu da gücləndirmək fikrindədir.

Qafanda ikinci konsulluğu açmaqla yanaşı, Rusiya Ermənistanda digər müvafiq layihələri də icra edəcək. Həmin layihələr arasında yeni investisiya müəssisələri və strukturları, habelə Zəngəzur dəhlizi layihəsinin reallaşdırılması üçün gərəkli qurumların təsisatı da istisna deyil.

Dəqiq təxminlənə biləcək məqam odur ki, gələn il Rusiyanın xarici siyasətində Ermənistan istiqaməti tam fərqli və yeni formatda təzahür edəcək.

Zəngəzur layihəsini qətiyyən qəbul etməyən ölkələr arasında Fransa ilk yeri tutur. Rəsmi Paris anlayır ki, layihənin icra edilməsi Azərbaycanın və Türkiyənin mövqelərini daha da gücləndirəcək, beynəlxalq “Şimal-Cənub” multimodal nəqliyyat dəhlizinin əlavə marşrutu işə düşəcək, Ermənistanın iqtisadi və siyasi imkanları artacaq. Bütün bunlarsa ermənilərin Avropa İttifaqından və xüsusilə də Fransadan asılılığının indiki səviyyəsini aradan qaldıra bilər.

Məhz bu səbəbdən Fransa prezidenti Emmanuel Makronun bütün şirnikləndirici vədlərinə, təzyiqlərinə, hədələrinə və s. rəğmən Nikol Paşinyan birmənalı qaydada sərt mövqe tutaraq Zəngəzur dəhlizindən tam imtina etmək niyyətində deyil.

Əslində, layihənin məhz “Zəngəzur dəhlizi” adlandırılması da şərt deyil: marşrutun adı başqa ola bilər, məsələ məqsəd və məzmunun sabitliyidir.

Dəhlizin təhlükəsizliyinin Rusiya tərəfindən təmin edilməsi də ekstraordinar və ya paradoksal situasiya deyil. Bu, layihənin stabilliyidir, çünki Ermənistandakı cəmiyyətin laübəli, əksər hallarda Azərbaycanla münasibətlrələ bağlı isterik çağırışlara meylli olmasındanr dolayı dəhliz marşrutunda hər hası eksseslərin yaşanmasına yol verilməməlidir.

Rusiya sadalanan məqamlara görə Qafanda konsulluq yaratmaq, orada hərbi kontingentini gücləndirmək və beləcə, Zəngəzur dəhlizi işə düşəcəyi halda marşrutun tam hərbit-siyasi təhlükəsizliyinin təminatına nail olmaq fikrindədir.

Çünki dəhlizin 42 km-lik marşrutu həm erməni revanşistlərdən, həm də Cənubi Qafqazda yeni təxribatlar və gərginlik yaratmağa çalışan Fransa ilə kollektiv Qərbin xüsusi xidmət strukturlarının mümkün təxribatları ilə diversiyalarından qorunmalıdır.

… Zəngəzur dəhlizi layihəsi Ermənistanın reallığı anlamaq göstəricisi sayıla bilər.

Nikol Paşinyan bunu dərk edərsə, İrəvaanın problemləri azalacaq.

Trend