“”İran İnternational” portalında Tehranla İrəvan arasında 500 milyon dollarlıq silahın tədarükü ilə bağlı gizli razılaşma imzalandığı qeyd olunur. Bu müqavilədə İran Ermənistana kamikadze PUA-ları, raketdən müdafiə sistemləri, kəşfiyyat sahəsində əməkdaşlıq, sıx hərbi əlaqələr, təlim və Ermənistan ərazisində bazaların tikintisi nəzərdə tutulduğunu bildirilir. Həm də müqavilənin İranın keçmiş prezidentinin dövründə imzalandığı göstərilir. Sual olunur ki, əgər belə bir müqavilə varsa, indi seçilmiş azərbaycanlı prezident Pezeşkian İran-Ermənistan gizli sövdələşməsinə mane ola bilərmi?”.
Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Onun sözlərinə görə, İrəvanla Tehran arasında gizli sövdələşmə imzalanıbsa Məsud Pezeşkian ona mane ola bilməyəcək:
“Çünki İranda prezident səlahiyyətləri məhdud siyasi bir fiqurdur. İranın xarici siyasəti və hərbi razılaşmaları ali dini rəhbərin nəzarəti altındadır. Bu baxımdan Pezeşkinın belə bir gücə malik olmadığını hesab edirəm. Amma Ermənistanın qərbyönümlü siyasəti İranı Ermənistanla imzalanmış razılaşmalara yenidən baxılmağa məcbur edəcək. İran öz qonşuluğunda Qərbin hərbi gücünün olmasını istəmir. Ermənistan isə son vaxtlar ABŞ-la hərbi təlimlər keçirir və Qərbin hərbiçilərini öz ərazisində yerləşdirməyə çalışır. Bu da İranın xarici siyasətinə ziddir. Bu baxımdan İrəvanla hərbi sahədə əməkdaşlığın davam etdirilməsini dayandıra biləcək yeganə səbəbin Ermənistanın Qərblə yaxınlaşması ola biləcəyini hesab edirəm”.
A.Badamov bildirib ki, İran İnternational portalında açıqlanan gizli müqavilənin dəyəri də şübhə doğurur:
“Çünki Ermənistanın İrandan 500 milyon dollarlıq silah almağa iqtisadi gücü yoxdur və yaxın dövrdə də olacağı gözlənilmir. İranın Ermənistana 500 milyon dollarlıq silahın kredit şəkildə verə biləcəyi də inandırıcı deyil. Çünki İranın iqtisadiyyatı o qədər güclü olsaydı, ölkənin birinci şəxslərinin səfərləri üçün yeni helikopterlər alardı və qəzalar baş verməzdi. Bu baxımdan İranla Ermənistan arasında 500 milyon dollarlıq gizli sövdələşmənin imzalanması ilə bağlı yayılan məlumatı real hesab etmirəm”.
//Gülnarə Abasova, Editor.az

