“İrşad”ın zəmanət oyunu: Şirkətin yeni fırıldağıbackend

“İrşad”ın zəmanət oyunu: Şirkətin yeni fırıldağı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda elektron və məişət cihazlarının satışı ilə məşğul olan “İrşad” şəbəkəsinə qarşı növbəti ittiham səsləndirilib.

Axar.az xəbər verir ki, “İrşad”ın fırldağından şikayətlənənlər sırasına tanınmış jurnalist Natiq Muxtarlı da qoşulub. Həmkarımız qeyd edib ki, “İrşad”dan zəmanətlə mobil telefon alıb. 3 aydan sonra telefonda problem yarandığı üçün “İrşad”a müraciət edib. Telefonu qəbul edib və bildiriblər ki, 4-14 gün müddətində təmir olunacaq, ya da telefon yenisi ilə əvəzlənəcək.

14 gündən sonra isə mağazadan müştərini çağıraraq ona sökülüb-dağılmış vəziyyətdə olan telefonu geri verərək bildiriblər ki, telefon fiziki zədəyə məruz qalıb. Bu səbəbdən də zəmanətlə alınan telefonun təmir edilməsi üçün N.Muxtarlıdan əlavə 120 manat tələb edilib.

Problemi ilə əlaqədar jurnalist N.Muxtarlı dəfələrlə “İrşad”ın əməkdaşları ilə danışsa da, heç bir nəticə əldə edə bilməyib. Jurnalist bildirib ki, bu şirkətin bütün işçiləri – rəhbərindən tutmuş ustasına qədər, hamısı dələduzluqla məşğuldur.

Bildirək ki, bu, “İrşad”dan alınan məişət texnikasının zay olması, əməkdaşlarının məsuliyyətsizliyi, verdiyi zəmanətin yararsızlığı ilə bağlı yaranmış ilk narazılıq deyil. Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov dəfələrlə “İrşad”dan alınan məişət əşyalarının yararsızlığı və müştərilərin şikayətləri barədə məlumat paylaşıb.

Qeyd edilir ki, “İrşad” mağazalar şəbəkəsi bir zamanlar “Standart” və “Qızıl” olmaqla iki fərqli zəmanət təklif edərək müştəri cəlb edirdi. “Qızıl” zəmanətdə telefonun xarici görkəminə ziyan vurulmadığı halda dəyişdirilə biləcəyi deyilirdi. Lakin bu da “İrşad”ın uzun müddət davam edən ucuz və yalan reklamlarından biri idi ki, yüzlərlə vətəndaş ziyana düşmüşdü.

Belə problemlərdə tez-tez adı hallanan “İrşad” şəbəkəsindən məsələyə aydınlıq gətirməsini istədik. Şirkətdən bildirdilər ki, sözügedən şikayətin araşdırılması üçün şikayəti edən şəxsin ad və soyadı, aldığı mobil telefonun markası, kodu lazımdır:

“Bütün bu detallar məlum olmasa, heç bir açıqlama verə bilmərik”.

//Editor.az