İşaxtaranla işəgötürən arasındakı PROBLEMLƏR: Dövlət Məşğulluq Agentliyinin rəsmisi ŞƏRH EDİRbackend

İşaxtaranla işəgötürən arasındakı PROBLEMLƏR: Dövlət Məşğulluq Agentliyinin rəsmisi ŞƏRH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəmiyyətin ən vacib sosial problemlərindən biri işsizlik və özünüməşğulluqla bağlıdır. Bütün dünyada olduğu kimi, Azərbaycanda da pandemiya dövründə işsizlərin sayı daha da artdı və bu bəzi insanların maddi, mənəvi həyatına kifayət qədər öz mənfi təsirini göstərdi. Lakin pandemiyanın yaratdığı çətinlikləri kənara qoysaq, Azərbaycanda işaxtaranlarla işəgötürənlər arasındakı müəyyən problemlər mövcuddur.

Editor.az-ın işsizlik və özünüməşğulluqla bağlı suallarını Dövlət Məşğulluq Agentliyinin Əmək bazarının təhlili və inkişafı departamentinin müdiri Elman Sadıqov cavablandırıb.

-Elman bəy, Azərbaycanda iş axtaranlar təkcə uyğun iş tapmaqdan şikayətlənmirlər, həm də yaş baryeri ilə üzləşməkdən narazıdırlar. İşəgötürənin yaşla bağlı məhdudiyyətləri hər zaman müəyyən çətinlik yaradıb. Sizin bu məsələ ilə bağlı təklifləriniz, fikirləriniz nədən ibarətdir?

-Bəli, tamamilə haqlısız. Azərbaycanda bu problemlər var. Yaş məsələsi ilə bərabər, işə qəbulda xanımlara daha çox üstünlük verilməsi kimi problemlər də var. Elə iş yeri şirkət var ki, vakansiyada yalnız 35 yaşa qədər işçi axtarır. Bu, bəzi məsələlərdə başa düşüləndir. Çünki nəzərə almaq lazımdır ki, bəzi sahələrdə gənc işə daha tez adaptasiya olur, onların peşəkarlığı, aktivliyi və müasir təcrübəsinə daha çox ehtiyac olur. Amma sahədən asılı olmayaraq bütün bunlar nəzərə alınmadan sadəcə gənc kadr tələb etmək doğru deyil. Bu işəgötürən sahibkarın öz seçimidir və bu tip məsələlərə nəinki Dövlət Məşğulluq Agentliyi, heç bir dövlət qurumu müdaxilə edə bilməz. Problem biznes mühitində yanlış formalaşan təfəkkürdən qaynaqlanır. Burada hər hansı bir təsir birbaşa biznesə müdaxilə kimi yanlış anlaşılar. Hesab edirəm ki, növbəti illərdə rəqabət artdıqca iqtisadi proseslər sürətləndikcə yaş amilindən daha çox peşəkarlara ehtiyac olacaq. Biz məsələn xarici televiziya kanallarına diqqət yetirdikdə orada daha çox yetişmiş, həyat təcrübəsi, peşəkarlıq səviyyəsi yüksək, daha yetkin kadrlara üstünlük verildiyini və daha çox jurnalistika sahəsində böyük təcrübələri olan şəxslərin müəlliflik proqramları apardıqlarının şahidi oluruq. Azərbaycanda bir çox sahələr var ki, orada yaş məhdudiyyətləri tətbiq edilir, amma dünya təcrübəsində bu belə deyil. Hesab edirəm ki, bu çətinlik  müəyyən iqtisadi problemlər və onların həllinə yanaşma tərzindən qaynaqlanır. Mütləq şəkildə baxış bucağının dəyişməsi və yaş senzinin  tezliklə aradan qaldırılması vacib məsələdir. Çünki 30-40 yaşından yuxarı vətəndaşların iş tapmaqda çətinlik çəkməsi dövlət üçün də müəyyən mənada yük yaradır. Eyni zamanda, işsizlik məsələlərinin də köklü həll olunması önəmlidir. Yəni nə qədər çox iş yerləri açılsa, biznesdə rəqabət mühiti artsa, o zaman biz daha çox insanın işsizlik probleminin həll edildiyini görərik. Hesab edirəm ki, postpandemiya dövründə rəqabət mühiti artacaq və bu məsələlər arxa plana keçəcək. Bununla da peşəkarlıq, savad, təcrübə öz sözünü deyəcək…

-Son iki ildə pandemiyanı səbəb kimi bir yana qoysaq, ölkəmizdə hər zaman insanların işsizlik problemi ilə üzləşdiyini görürük. Sizcə bu problemlərin kökündə dayanan səbəblər nədir? İnsanlar niyə hər zaman şikayətçidir? Niyə iş tapa bilmir?

-Dövlət Məşğulluq Agentliyinin iqtisadiyyatda, o cümlədən əmək bazarında əsas fəaliyyəti işaxtaranla işəgötürən arasında körpü rolu oynamaqdır. Hər bir körpünün iki tərəfi  var. Bu körpünün də bir tərəfi işaxtaranlar, digər tərəfi işəgötürənlərdir. Hər iki tərəfin möhkəm, güclü olması lazımdır ki, bu körpü möhkəm olsun. İşəgötürənlər davamlı olaraq öz işlərini genişləndirməli, biznesi böyütməli,  yeni vakansiyalar açmalı, işçiyə yeni tələblər formalaşdırmalıdır. İşaxtaranlar isə öz üzərində daima işləməli, peşəkarlıq səviyyəsini artırmalı, əmək bazarının  yeni tələblərinə uyğunlaşmalıdır. Bununla da daha savadlı, peşəkar kadrlar əmək bazarına daxil olacaq. Əgər hər iki tərəf qeyd etdiyim və etmədiyim digər məsələlərdə davamlı olaraq təkmilləşərsə,  onların arasındakı əlaqə daha da sıxlaşacaq. Dövlət Məşğulluq Agentliyi də bu istiqamətdə daha effektiv rol oynayacaq. Yəni, işəgötürənlər üçün işçilərin, işaxtaranlar üçün daha uyğun vakansiyaların tapılması asanlaşacaq..

-Dövlət Məşğulluq Agentliyi tərəfindən bu istiqamətdə hansı proqramlar hazırlanıb və ya hazırlanır?

– Hal-hazırki dövrdə əmək bazarındakı tələblərlə işaxtaranların mövcud vəziyyəti arasındakı müəyyən disbalans  Dövlət Məşğulluq Agentliyi üçün də müəyyən qayğılar formalaşdırır. Bir çox hallarda biz  işəgötürənlər üçün onların tələblərinə cavab verən kadrları işaxtaranlar arasında tapmaqda çətinlik çəkirik. Bəzən isə əksinə işaxtaranlar arasında elə kriteriyalarda şəxslər olur ki, əmək bazarında onlara tələbat azdır. Əlavə olaraq Dövlət Məşğulluq Agentliyi müəyyən iş yerləri yaratmaq funksiyasını daşıyır. Amma bu funksiya elə də geniş deyil, ola da bilməz. Çünki  iş yerini yaradan, generasiya edən iqtisadiyyatdır. Amma Dövlət Məşğulluq Agentliyi əhalinin müəyyən təbəqələri üçün  məşğulluq tədbirlərini  həyata keçirir. Bu , xüsusilə əhalinin həssas qrupları, əmək bazarında özünə yer tapa bilməyən şəxslər üçündür. Burada yaş senzi yoxdur. 65 yaşa qədər istənilən şəxs məşğulluq tədbirlərindən faydalana bilər. Bunun üçün geniş özünüməşğulluq proqramları, əməkhaqqının birgə maliyyələşdirilməsi məsələləri icra edilir. Bəzi hallarda işəgötürənləri təşviq etmək üçün Dövlət Məşğulluq Agentliyi əməkhaqlarının bir hissəsini və ya  işçinin vəziyyətindən aslı olaraq tam hissəsini maliyyələşdirir. Bu da işəgötürənin yükünü azaldır. Məsələn, rayon və kənddə yaşayan əhali üçün kənd təsərrüfatı,  xidmət və istehsalla bağlı özünüməşğulluq proqramları var. Bunların hamısı müəyyən mənada işyerlərinin yaradılması, sosial sahədə olan çətinliklərin, risklərin yumşaldılmasına yönəlmiş addımlardır və ölkə iqtisadiyyatına müəyyən qədər köməkdir. Ümumilikdə isə Dövlət Məşğulluq Agentliyin əsas vəzifələrindən biri işə götürənlə işaxtaran arasında körpü rolunu oynamaqdır ki, burada həm işgötürənlərin və işaxtaranların üzərinə müəyyən vəzifələr düşür.

//Gülnarə Abasova, Editor.az