“İşsizliyin aradan qaldırılması dövlət siyasətimizin prioritetlərindəndir. Ona görə də son illər ölkəmizdə yüz minlərlə yeni iş yerləri yaradılmış, vətəndaşlarımız işlə təmin olunmuşdur. Həm də ölkəmizdə demoqrafik artım olduğundan mütəmadi olaraq işsizliklə bağlı problem qalmaqdadır. Eyni zamanda son iki ildir ki, pandemiya həyatımıza daxil olub və bu da müəyyən iş yerlərin bağlanmasına və bəzi iş yerlərdə ixtisarların olunmasına gətirib çıxartdı”.
Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkili bildirib ki, vətəndaşlarımız işlə bağlı müraciətlər etdikdə bəzi problemlərlə üzləşirlər:
“Belə problemlərdən biri universiteti təzə bitirmiş şəxslərdən iş təcrübəsinin tələb olunmasıdır. Təbii ki, belə bir tələbin qoyulması absurddur. Gənclərimiz müəyyən yerlərdə işləməlidirlər ki, təcrübəyə yiyələnə bilsinlər. Amma şirkətlər əsasən təcrübəli mütəxəsisləri işə qəbul etmək istəyirlər. Digər bir problem iş axtaranın yaş məsələsidir. Müəyyən yaşdan sonra işə düzəlmək də çətinləşib . Şirkətlər əsasən təcrübəli gənc mütəxəssislərlə işləmək istəyirlər. Çünki gənclər daha çox müasir peşələrə yiyələnirlər. Burda da bir sual yaranır. Pensiya yaşına yaxın şəxslər necə etməlidirlər ki, onlar da əmək bazarında özlərinə uyğun bir iş tapa bilsinlər. Bu sual açıq qalır. Təəssüf ki, yaş özünü göstərir və 50-60 yaşında işini itirmiş şəxslər işlə təminatında çətinlik çəkirlər. Amma qanunda isə yaş həddinə görə işlə təmin olunmasında hər hansı məhdudiyyətin qoyulması qadağandır. Qeyd etməliyəm ki, Məşğulluq Mərkəzləri tərəfindən belə şəxslərin aktual peşələrə yiyələnməsi üçün müəyyən işlər görülür. Düşünürəm ki, bu istiqamətdə görülən işlərin əhatəsi daha da genişləndirilməlidir”.
//Gülnarə Abasova, Editor.az

