İşğaldan azad edilmiş ərazilərimizdə MƏŞĞULLUQ proqramları: ” Bu sahədə heç bir problem olmayacaq”backend

İşğaldan azad edilmiş ərazilərimizdə MƏŞĞULLUQ proqramları: ” Bu sahədə heç bir problem olmayacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İşğaldan azad olunmuş ərazilərimizə əhalinin qayıdışını təmin etmək və bunu stimullaşdırmaq məqsədilə diqqət mərkəzində saxlanılmalı olan vacib məsələlərdən biri də həmin ərazilərimizdə məşğulluğun təmin olunmasıdır. Sakinlərin işlə təmin olunması məqsədilə işğaldan azad olunmuş ərazilərimizdə yeni layihələrin icrası üçün həm əlverişli coğrafi mühit, həm də sürətli yenidənqurma bərpa işləri nəticəsində yaradılan infrastruktur hesabına çox böyük imkanlar mövcuddur.  Böyük qayıdışdan sonra orada yaşayacaq yerli vətəndaşlar üçün məşğulluğun təmin olunması dövlətin də diqqət mərkəzində olan mühüm məsələdir”.

Bu sözləri Editor.az-a açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.

Onun sözlərinə görə, ölkəmizdə ümumi məşğulluq probleminin həlli üçün dövlət tərəfindən xüsusi layihələr, proqramlar həyata keçirilməkdədir:

” Bunun nəticəsində işsiz vətəndaşlarımızın sayı ildən-ilə azalır. Özünüməşğulluq proqramları işğaldan azad olunan ərazilərimizə vətəndaşların qayıdışından sonra orada da tətbiq olunacaq və ölkədə əhalinin məşğulluğunda mühüm rol oynayacaq. Məşğulluğun təmin edilməsinin əsas şərtlərindən biri tələb olunan müvafiq infrastrukturun yaradılmasıdır. Təsadüfi deyil ki, 44 günlük  Vətən müharibəsindən sonra Azərbaycan hökuməti və dövləti həmin regionda böyük yenidənqurma bərpa işlərinə start verdi və müasir infrastrukturunun yaradılmasına başlandı. Artıq bu sahədə çox böyük nəticələr özünü göstərir. Avtomobil yollarının çəkilməsi, cəmi 8 aya Füzuli Beynəlxalq Hava limanının tikilib istifadəyə verilməsi, bölgənin elektrik enerjisi ilə təmin olunması, təbiətin verdiyi imkanlardan yararlanaraq yaşıl enerji mənbələrinin həmin ərazilərdə təminatı və digər görülən işlər nəticəsində regionda gələcəkdə kənd təsərrüfatı, kənd təsərrüfatı məhsuldarlığın emalı, sənaye sahəsində müasir tipli müəssisələr, fabriklər, zavodlar, emal müəssisələri yaratmaq mümkün olacaq ki, bu özü də yerli əhalinin məşğulluq probleminin həllinə geniş imkanlar açacaq. Ümumiyyətlə, Qarabağın zəngin təbii resursları sayəsində təyinatlar üzrə istehsal müəssisələri açmaq mümkündür. Regionda tikinti materiallarının istehsalı, kənd təsərrüfatı sahəsində müvafiq emal müəssisələrinin təşkili üçün geniş imkanlar mövcuddur”.

P. Heydərov hesab edir ki, əhalinin işğaldan azad olunan ərazilərimizə qayıdışından sonra bölgədə məşğulluq problemi hətta Azərbaycanın digər regionlarından fərqli olaraq daha sürətli şəkildə öz  həllini tapmış olacaq:

” Bölgənin həm də turizm nöqteyi-nəzərdən potensialını diqqətə çəkdikdə xidmət sektorunun da gələcəkdə bu regionda hansı səviyyədə inkişaf tapacağını izah etməyə ehtiyac yoxdur. Azərbaycanın digər regionlarında yerli əhali turizm inkişafı üçün yaradılan müxtəlif  infrastruktur sahələrdə işlə təmin olunurlar. Bu özü də məşğulluq probleminə böyük töhfə verir. Qarabağın təbii turizm potensialını nəzərə alsaq orada turizmin inkişafı üçün yaradılacaq infrastruktur nəticəsində nə qədər əhalinin işlə təmin olunacağını təsəvvür etmək çətin deyil. Azərbaycan höküməti  və dövlətinin qısa müddətdə işğaldan azad olunmuş ərazilərdə gördüyü işlər onu deməyə əsas verir ki, həmin ərazilərdə məşğulluq sahəsində də heç bir problem olmayacaq” .

//Gülnarə Abasova, Editor.az