İşğaldan qurtulan, Gülöyşə narı ilə tanınan Şelli – VİDEObackend

İşğaldan qurtulan, Gülöyşə narı ilə tanınan Şelli – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağın dilbər guşələrindən biri də Ağdam rayonunun Şelli kəndidir. Qarqar çayının kənarında, dağlarla əhatə olunmuş bu kənd respublikamızda gülöyşə narı ilə tanınıb.
Editor.az AZƏRTAC-a istinadən bildirir ki, Ermənistan silahlı bölmələri tərəfindən işğal edilənə qədər Şelli kəndində bağçılıq, üzümçülük və heyvandarlıq inkişaf etmişdi. Kənddəki nar bağlarından yığılan məhsul nəinki respublikamızın müxtəlif bölgələrinə, eləcə də keçmiş sovet respublikalarına göndərilirdi. Azərbaycanda narçılığın inkişaf etdiyi Göyçayda nar plantasiyaları salınarkən Şelli kəndindəki gülöyşə nar sortunun qələmlərindən istifadə edildiyi deyilir.

Erməni qəsbkarları 1993-cü ildə Şelli kəndini işğal edən zaman məktəb və uşaq bağçasının binalarını, qədim məscidi və yaşayış evlərini talan edərək dağıdıblar. Kənddəki nar bağlarına isə gəlir mənbəyi kimi istifadə etdikləri üçün toxunmayıblar. Son illərdə Şelli kəndində ermənilər qanunsuz məskunlaşdırma aparırdılar.

Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı birgə bəyanata uyğun olaraq Ağdam rayonunun digər əraziləri kimi, Şelli kəndi də Ermənistan ordusu tərəfindən boşaldılıb. Ermənilər kəndi tərk edərkən bir çox evləri yandırıblar.

Artıq işğaldan azad edilmiş yaşayış məntəqələrimizin, o cümlədən Şelli kəndinin də yeni dövrü başlayır. Sakinlər doğma kəndlərinə qayıtdıqdan sonra burada yenidən bağçılıq və heyvandarlıq inkişaf etdiriləcək. Gülöyşə narı ilə tanınan Şelli kəndinin keçmiş şöhrəti yenidən qayıdacaq.

Şelli kəndindən görüntüləri təqdim edirik.