İŞİD-ə qoşulan azərbaycanlıları “bağışlamaq” olarmı? – Təhlükəli tələblərbackend

İŞİD-ə qoşulan azərbaycanlıları “bağışlamaq” olarmı? – Təhlükəli tələblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəmi bir neçə il öncə Yaxın Şərqdən Azərbaycana çağırışlar edilirdi:

“Xilafət Azərbaycan torpaqlarında da qurulacaq”.

“Allahın ordusu Azərbaycana da gələcək”;

“Azərbaycanlılar, Şam torpaqlarına hicrət edin”;

Onlar Azərbaycanı qara bayraqlara bürümək istəyirdilər.

Onlar kim idi?

Yaxın Şərqdə başlanan vətəndaş müharibəsi dini ekstremizmin meydana çıxmasına səbəb oldu və İŞİD terror qruplaşması “İslam dövləti” adında xilafət elan etdi. Yeni “xilafət” dini və digər vasitələrlə dünyanın müxtəlif yerlərindən döyüşçü toplayırdı.

Terror qruplaşmasına qoşulanlar arasında azərbaycanlılar da var idi. Rəsmi məlumatlara görə, 900-a qədər azərbaycanlı İŞİD sıralarına qatılmaq üçün Suriyaya getmişdi. Onların bir hissəsi Azərbaycan vətəndaşlığından məhrum edildi, böyük hissəsi döyüşlərdə öldürüldü, yaxud itkin düşdü, 80-dən çoxu cinayət məsuliyyətinə cəlb olundu.

Bütün dünya terrora qarşı müxtəlif yollarla mübarizə aparırdı, o cümlədən, Azərbaycan dövləti.

Dövlət terrorizmlə mübarizə üzrə qanunları sərtləşdirdi və müxtəlif yollarla Türkiyəyə, oradan da Suriyaya keçərək, terrorçulara qoşulan azərbaycanlılar üzərində nəzarəti gücləndirdi. İki əsas hədəf var idi:

Birincisi, İŞİD terrorçularının çağırışlarına səs verərək, ölkəni tərk edənlərin qarşısını almaq;
İkincisi, İŞİD tərkibində döyüşənlərin terror təhlükəsini ölkəyə gətirməsinin qarşısını almaq;

Çünki İŞİD-ə qoşulan azərbaycanlılar geri qayıdacaqlarını, Azərbaycanı qara bayraqlara bürüyəcəklərini, ölkədə konstitusiya quruluşunu devirərək, şəriət rejimi quracaqlarını gizlətmirdilər.

Dünyanın müxtəlif yerlərində baş verən terror aktları da sübut edirdi ki, İŞİD-ə qoşulanlar terror tapşırığı ilə geri qayıdırlar.

Azərbaycan terrora qarşı mübarizədə effektiv addımlar atdı və nəticədə təhlükənin ölkə daxilinə transfer edilməsinin qarşısı alındı. Sonradan Avropanın bir çox ölkəsi İŞİD-ə qarşı mübarizədə Azərbaycanın qanunların sərtləşdirilməsi təcrübəsindən istifadə etdilər.

Terror təhlükəsi dövlətin tam nəzarətindədir. Yaxın Şərqdə döyüşməyə gedənlərdən ölkəyə qayıdanlar cinayət məsuliyyətinə cəlb olunub.

Və indi həmin şəxslərin validenyləri övladlarının cəzasının yüngülləşdirilməsi tələbi ilə çıxış edirlər.

Burada iki məqam diqqət çəkir.

1. Tələblə bağlı yayılan informasiyaların təqdimatı.

Bəzi media orqanları “Terrorçuluqda ittiham olunanların valideynləri” deyə yazırlar.

Axı bu şəxslərin cinayəti sübut olunub və məhz Suriyada İŞİD, eləcə də digər terror qruplaşmalarının tərkibində döyüşdükləri üçün məhkəmə qarşısına çıxarılaraq, məsuliyyətə cəlb ediliblər. Onlar haqqda “ittiham olunanlar” yazmaq terror əməllərinin gizlədilməsi, ictimai rəyi yanlış yönlənmdirmək məqsədi daşıyır.

2. Cinayət məsuliyyətinə cəlb olunanlarla bağlı qərarın dəyişdirilməsi tələbi.

Validenylər istəyirlər ki, onların övladlarının üzərindən Cinayət Məcəlləsinin 12.1, 218.2-ci (cinayətkar birlikdə iştirak etmə) və 283-1.3-cü (dini məzhəbləri yayma, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə məqsədilə yaradılmış qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddələri götürülsün.

Validenylərin istəyinə humanizm nöqteyi-nəzərindən baxa bilərik bəlkə də, amma söhbət bütün dünyada 1 nömrəli məsələ olan terror təhlükəsindən və dünyanın 1 nömrəli terror qruplaşması olan İŞİD üzvlərindən gedir.

Qərarın dəyişdirilməsi gələcək üçün ciddi təhlükələr yarada bilər.

Birincisi, heç kim zəmanət verə bilməz ki, bu şəxslərin cəzası yüngülləşəcəyi təqdirdə, onlar azadlığa çıxan kimi yenidən eyni əmələ əl atmayacaqlar;

İkincisi, bu, cəzasızlıq mühitinin yaranması ilə nəticələnə və digərlərinin də eyni əməlləri törətməyə sövq edə bilər.

Validenylər övladlarını düşünürlər, dövlət öz vətəndaşının təhlükəsizliyini. Bu, dövlətin və cəmiyyətin qırmızı xəttidir.

Bütün bunların fonunda etiraz edən validenylərin öz övladlarının bu taleni yaşamasında bu və ya digər formada payı var. Çünki övladları terror qruplaşmasına qoşulduqda, yaxud bu yola meylləndikdə, müvafiq orqanlara müraciət etsəydilər, bu gün nə onlar həbsdə idi, nə də dövlətə qarşı terror təhlükəsi yaranardı. Övladı İŞİD sıralarında döyüşərkən, susan, bunu gizlədən validenylərin indi belə bir tələblə çıxış etməsi, yumşaq desək, doğru yanaşma deyil.

//publika.az