“İslahatçı Gənclər” İctimai Birliyi Azərbaycan həqiqətlərinin, tarix və mədəniyyətinin müxtəlif ölkələrdə təbliği üçün yeni layihəyə start verib. Birliyin mətbuat xidmətinin məlumatına görə, təşkilat bu məqsədlə dünyanın müxtəlif universitetləri, ictimai təşkilatları, gənclər birlikləri ilə əməkdaşlıq əlaqələrinin qurulması prosesinə başlayıb.
Bu istiqamətdə ilk görüş “İslahatçı Gənclər” İctimai Birliyi ilə Ukraynanın nüfuzlu Qərbi Ukrayna Milli Universiteti arasında keçirilib. Onlayn formatda baş tutan görüşdə “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, Qərbi Ukrayna Milli Universitetinin Beynəlxalq münasibətlər insititutunun direktoru İrina İvaschuk, əməkdaşı Yaryna Zhukorska, tanınmış ukraynalı gənc jurnalist Marina Qonçaruk iştirak edib.
Olduqca səmimi və faydalı mühitdə baş tutan görüşdə gənclər, təhsil, mədəniyyət sahəsində “İslahatçı Gənclər” İctimai Birliyi ilə Ukraynanın Qərbi Ukrayna Milli Universiteti arasında birgə əməkdaşlıq haqqında memorandumun imzalanması haqqında razılıq əldə olunub.
Birgə əməkdaşlıq çərçivəsində Azərbaycan və Ukraynanın tarixi, təhsili, mədəniyyəti qarşılıqlı şəkildə hər iki ölkədə təbliğ ediləcək. Bu çərçivədə birgə konfransların, qarşılıqlı səfərlərin həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, “İslahatçı Gənclər” İctimai Birliyi Azərbaycan həqiqətlərinin təbliği istiqamətində Ukraynanın digər universitetləri ilə də yaxından əməkdaşlıq edəcək.
//Editor.az


