“İslahatçı Gənclər” “Zəfər Görüşləri”nə Biləsuvardan başladı-FOTOLARbackend

“İslahatçı Gənclər” “Zəfər Görüşləri”nə Biləsuvardan başladı-FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İslahatçı Gənclər” İctimai Birliyi(İGİB) Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra etdiyi “Zəfər Görüşləri” layihəsinə Biləsuvar rayonundan start verib.

Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində baş tutan konfransında Şəhid ailələri, Qazilər, Biləsuvar ictimaiyyətinin nümayəndələri və media rəhbərləri iştirak edib.

Tədbirə Azərbaycanın ərazi bütövlüyü uğrunda Şəhid olan qəhrəmanlarımızın ruhunu yad etmək üçün bir dəqiqəlik sükutla start verilib.

Tədbiri giriş sözü ilə açan “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib ki, 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusu 44 günlük müharibə ilə 30 ildir işğal altında olan Qarabağ torpaqlarını azad edərək, tarixi ədaləti bərpa edib: “Azərbaycanın qələbəsi ilə bitən 44 günlük müharibədə Şəhidlərimiz və Qazilərimiz canlarını fəda edərək, düşmənə yerini göstərdilər. Onların döyüşlərdəki qəhrəmanlığı və cəsurluğu bütün Azərbaycan xalqı üçün qürur mənbəyi, gəncliyimiz üçün isə bir nümunədir”.

F.Şahbazlı eyni zamanda bildirib ki, müharibədə bütün hərbi və psixoloji üstünlüklə yanaşı, qələbəmizi şərtləndirən mühüm bir komponent də Prezident İlham Əliyevin yüksək siyasi və diplomatik bacarığı, beynəlxalq münasibətlər sistemindəki nüfuzu idi.

İGİB sədri qeyd edib ki, 8 noyabr Zəfər Günü ərəfəsində Vətən Müharibəsində qəhrəmanlıq göstərmiş Şəhidlərimizi anmaq, eyni zamanda Qazilər və ictimaiyyət nümayəndələri birlikdə qələbəmizin siyasi-hərbi əhəmiyyətini müzakirə etmək mühüm əhəmiyyət kəsb edir.

Tədbirdə çıxış edən Vətən Müharibəsi Şəhidləri İqbal Astanlı və Rahət İsayevin valideynləri övladlarının keçdiyi şərəfli həyat və döyüş yolundan bəhs edərək, ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan müharibənin müqəddəs bir missiya olduğunu bildiriblər.

Tədbirdə çıxış edən Vətən Müharibəsi Qaziləri Sübhan Məmmədli və İman Gözəlbəyli 44 günlük müharibədə hər bir Azərbaycan gəncinin ön cəbhədə xidmət üçün can atdığını, düşmənin bütün təxribatlarına qəhrəmanlıq və peşəkarlıqla cavab verdiyini bildiriblər. Qazilər qeyd edib ki, Qarabağda əldə etdiyimiz qələbə dövlət-ordu-xalq birliyinin ən parlaq nümunəsidir.

Daha sonra çıxış edən Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli, Diaspor İnformasiya Mərkəzinin rəhbəri Toğrul Allahverdili bildiriblər ki, Şəhid və Qazilərimizin həyat və döyüş yolu bütün Azərbaycan gəncliyi üçün örnək təşkil edir. Onlar qeyd edib ki, 44 günlük müharibədəki zəfərimizi şərtləndirən amillər sırasında hərbi, psixoloji üstünlüyümüzlə yanaşı, diplomatik və informasiya savaşı müstəvisindəki gücümüz də həlledici rol oynadı.
Ekspertlər qeyd edib ki, Ermənistala müharibə bitsə də, düşmən yalnız hərbi müstəvidə deyil, eybi zamanda informasiya cəbhəsində təxribatlarını davam etdirməkdədir. Bu isə dövlətimizlə yanaşı, gənclərimizin də qarşısında yeni hədəflər və vəzifələr qoymaqdadır.

Tədbir müzakirələrlə davam edib.

//Editor.az