İslahatların tərkib hissəsi olan Media Reyestri: “Azərbaycan mediasının tarixində yeni səhifə açılır”backend

İslahatların tərkib hissəsi olan Media Reyestri: “Azərbaycan mediasının tarixində yeni səhifə açılır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Prezident İlham Əliyev imzaladığı Fərmanla “Media Reyestrinin aparılması Qaydaları”nı təsdiqləyib. Fərmana əsasən, Medianın İnkişafı Agentliyinə (MEDİA) Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə Media Reyestrinin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görmək tapşırılıb.

Mövzu ilə bağlı Editor.az-a açıqlamasında tanınmış jurnalist, Azxeber.com saytının baş redaktoru Hacıbəy Heydərli bildirib ki, ölkəmizdə hər sahədə olduğu kimi media sahəsində də islahatlar aparılır:

“Medianın İnkişafı Agentliyinin yaradılması, onun həyata keçirdiyi uğurlu layihələr cəmiyyətimizdə mediaya qarşı çox böyük inam yaradıb. Düşünürəm ki, Media reyestri haqqında fərman da jurnalistikamızın saflaşmasına, yeni inkişaf mərhələsinə qədəm qoymasına gətirib çıxaracaq. Media reyestri jurnalistika ilə məşğul olan şəxslər üçün fəaliyyətlərini daha şəffaf qurmaları istiqamətində yeni imkanlar yaradacaq”.

Baş redaktorun sözlərinə görə, sözügedən fərman Azərbaycan mediasının tarixində yeni səhifənin açılmasıdır:

“Media reyestri sayəsində jurnalistlər haqqında məlumatlar vahid bazada toplanacaq və bundan da ən çox fayda görən cəmiyyətimiz olacaq. Həm də  jurnalistlərin akkreditasiya proseduru asanlaşdıracaq, onların qeyri-peşəkarlardan fərqlənməsinə gətirib çıxaracaq, eyni zamanda, ölkəmizdə həqiqi jurnalistika ilə məşğul olanların sayı bəlli olacaq. Media reyestrindən keçən jurnalistlər üçün gələcəkdə imtiyazlar da nəzərdə tutulur. Məncə bu işlərin hər biri uğurlu həyata keçirilsə, cəmiyyətimiz arzusunda olduğu medianı görəcək, kənar ünsürlər mediadan uzaqlaşacaq, peşəkarlara özlərini realizə etmək imkanı veriləcək. Media reyestrindən gözləntilərim böyükdür”.

Araşdırmaçı jurnalist Samir Feyruzov isə Editor.az-a bildirib ki, bu fərman dövlətin informasiya sahəsinə olan əhəmiyyətli və tarixi münasibətinin ifadəsidir:

“Artıq Azərbaycanda media sahəsinə dövlət təhlükəsizliyinin ən ciddi elementlərindən biri kimi yanaşılır. Dövlət başçısının Media Reyestri ilə bağlı imzaladığı fərmanı aparılan islahatların davamı və informasiya təhlükəsizliyi sahəsində atılan addımların “bronjilet”i hesab edirəm. İkincisi, düşünürəm ki, Media Reyestri informasiya sahəsində təmizləmə prosesinə ciddi təkan verməlidir. Mən xüsusilə bildirmək istəyirəm ki, ali təhsili olmayan adamlarla bağlı dövlət özündə cəsarət tapıb ciddi addımlar atsın, belələri qanunun tələblərini kobud şəkildə pozurlar. Kim belələrini müdafiə edəcəksə, sabah da bütün məsuliyət həmin adamların üzərində qalacaq. İnanmaq istəyirəm ki, 50 manat alan yox, 50 min rüşvət alan həqiqi “reket” jurnalistlərlə bağlı da addımlar atılacaq. Bütün bunlarla yanaşı, mediada ədalət prinsipi bərpa edilməlidir. Bu olmayacaqsa, digər addımlar da əks effekt verəcək. Dövlət başçısı media sahəsində müsbət nəticələrin əldə olunması üçün nə lazımdırsa, hamısını edib. Bircə qalıb ki, məsuliyyətlə işləmək, ədaləti bərpa etmək. Digər tərəfdən,  düşünürəm ki, mediada aparılan islahatlar fonunda bütün məsuliyyəti dövlət qurumlarının üzərinə qoymaq da doğru deyil. Çünki Azərbaycan mediasında elə əcaib jurnalistlər var ki, medianın bundan sonra düzələcəyinə ümidlərim azalır”.

“Pravda.az” xəbər portalının baş redaktoru İlkin Pirəli Editor.az-a bildirib ki, Media Reyestri bu sahənin düzənə salınması üçündür:

“Xüsusilə qeyd etmək istərdim ki, hər hansı məhdudiyyətdən söhbət gedə bilməz. Reyestrə daxil olmayanlar da jurnalist hesab edilir. Əksinə reyestrə daxil olmaqla müəyyən imtiyazlardan yararlanmaq imkanı yaradılır. Məsələn, güzəştli şərtlərlə ipoteka. Bu da çox müsbət haldır. Media Reyestri unikal platformadır, şərtlər də çox dəqiqliklə işlənilib. Dövlətin həyata keçirdiyi işlər jurnalistlərin nüfuzunun artırılmasına, şəffaflığa xidmət edir. Reyestr ictimaiyyətə açıq olacaq, orada bəzi məlumatlar görünəcək. Bu, həm də mübahisəli məqamları həll etmiş olacaq. Çünki jurnalist olmayan, deyək ki, “reket jurnalist” özünü jurnalist kimi təqdim edirsə, bu zaman qarşı tərəf sistemə daxil olmaqla, həqiqəti biləcək. Ona görə də yaxşı olar ki, jurnalistlər qeydiyyatdan keçməkdə özləri maraqlı olsunlar. Medianın İnkişafı Agentliyi ötən dövr ərzində bununla bağlı kifayət qədər maarifləndirici tədbirlər keçirib, şəxsən Əhməd İsmayılov bütün məqamlara aydınlıq gətirib. İslahatların tərkib hissəsi olan Media Reyestri Azərbaycan mətbuat tarixində yeni səhifədir”.

//Gülnarə Abasova, Editor.az