“Azərbaycan onun maraqlarına cavab verməyən görüşü, xüsusilə ilk baxışda ona qarşı cəbhədə yer alan ölkələrin iştirakı fonunda qəbul etməzdi. Demək ki, baş tutacaq görüşdə tərəflərin hər birinin maraqları var”.
Bu fikirləri Editor.az-a politoloq Azər Qasımov oktyabrın 5-də İspaniyanın Qranada şəhərində baş tutacaq Almaniya, Fransa, Azərbaycan, Ermənistan və Avropa İttifaqının tərəfləri ilə Avropa Siyasi sammiti barədə şərhində deyib.
Politoloq görüşün gərgin keçəcəyi barədə bəzi proqnozlara da aydınlıq gətirib:
“Bu, sadəcə bir fikirdir. Öncədən əgər Fransanın Azərbaycan əleyhinə hansısa bəyanat səsləndirəcəyi düşünülsəydi, Azərbaycan Fransaya belə bir şans verməzdi. Hesab edirəm ki, əgər belə görüş baş tutursa, burada konstruktiv məsələlər müzakirə ediləcək. Aİ regionda gərginlikdə maraqlı deyil. Avropa Şurası sammiti kimi mötəbər bir tədbir Azərbaycana hansısa təzyiqlər fonunda keçirilə bilməz. Bu, Aİ-nın özünə də lazım deyil. Belə bir İttifaqın nüfuzdan düşməsinə səbəb olar. Əslində, hesab edirəm ki, Aİ problemin sona çatması ilə əlaqəli ölkələr arasındakı əlaqələrin bərpa olunması məsələlərini müzakirə edəcək, çünki bundan sonra atılacaq əks addımlar heç kimə xeyir gətirməyəcək, xüsusən də, Ermənistana. İndi sülh zamanıdır”.
//Gülnarə Abasova, Editor.az