İsrail rəsmiləri ABŞ administrasiyasına İrana qarşı mümkün hərbi əməliyyatların təxirə salınması ilə bağlı müraciət ediblər.
Editor.az xəbər verir ki, NBC News-un məlumatına görə, israilli rəsmilər Ağ Evə bildiriblər ki, İranda rejim dəyişikliyini və ABŞ-nin bu prosesi asanlaşdırmaq səylərini tam dəstəkləyirlər. Bununla yanaşı, onlar ehtimal olunan xarici hərbi müdaxilənin İran daxilindəki etirazçıların prosesə son qoymasına mane ola biləcəyindən narahatdırlar.
Məlumata əsasən, İsrail tərəfi ABŞ-yə alternativ variantlar da təqdim edib. Bu variantlar sırasında İranda internet xidmətlərinin yaxşılaşdırılması, iqtisadi sanksiyaların gücləndirilməsi və kiberhücumların həyata keçirilməsi mümkün tədbirlər kimi göstərilib.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Trampın İrana qarşı görüləcək tədbirlərlə bağlı hələ yekun qərar vermədiyi bildirilmişdi. Tramp özü də Ağ Evin bu məsələ ilə bağlı hələlik konkret qərar qəbul etmədiyini açıqlayıb.
//Gülnarə Abasova, Editor.az

