Oktyabrın 30-na keçən gecə İsrail iki dəfə Suriyadan atəşə tutulduğunu bildirib. İsrail ordusu cavab atəşi açıb.
Editor.az İsrail mənbələrinə istinadən bildirir ki, İsrail ordusu ilk hücumu oktyabrın 29-da saat 22:49-da Telegram kanalında elan edib. İddia olunur ki, “Suriya ərazisindən İsrail ərazisi istiqamətində bir neçə atış olub”.
Mərmilər açıq ərazilərə düşüb. İDF atışların keçirildiyi mövqelərə cavab atəşi açıb. Oktyabrın 30-da saat 2:00-dan sonra İsrail ordusu növbəti hücum barədə məlumat verib. İsrail ordusuna məxsus təyyarə “Suriya ərazisindəki hərbi infrastruktura” zərbələr endirib.
İsrail əsgərləri ilə Fələstinin HƏMAS hərəkatı arasında müharibə başlayandan sonra Suriya və İsrail bir-birinə daha tez-tez atəş açmağa başlayıb. Keçən həftə Dəməşq və Hələb hava limanları buna görə fəaliyyətini dayandırıb. Bəzi atışlar insan itkisi ilə müşayiət olunur.
//Samir Qurbanov, Editor.az

