“İsrail prezidenti İshaq Hersoqun Azərbaycana səfəri ölkələrarası strateji tərəfdaşlıq və dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət edir. Belə ki, İsrail Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdəndir”.
Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Millət vəkili bildirib ki, Azərbaycan-İsrail arasında əməkdaşlığın genişləndirilməsinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub:
“Bu bünövrə Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Uzun illərdir ki, Azərbaycanda yəhudilər çox rahat şəkildə yaşayırlar. Azərbaycanda yaşayan yəhudilər ölkəmizin ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə iştirak etmiş və vətəni Azərbaycanın yolunda canından keçmişdir. Ölkəmizdəki yüksək tolerantlıq, bütün millətlərin və dini konfensiyaların dostluq şəraitində yaşaması dünyaya nümunədir. İsrail dövləti ölkəmizdəki bu tolerant mühiti çox yüksək dəyərləndirir”.
Millət vəkili iki ölkə arasında müxtəlif sahələr üzrə əlaqələrə toxunub:
” İsraillə Azərbaycan arasında energetika, kənd təsərrüfatı, kibertəhlükəsizlik, müdafiə sənayesi, turizm, diaspor fəaliyyəti və digər sahələrdə əməkdaşlıq günü-gündən genişlənir. 44 günlük Vətən müharibəsində İsraildən aldığımız müasir silahların qələbənin əldə edilməsində xüsusi rolu olmuşdur. O cümlədən II Qarabağ müharibəsi zamanı Ermənistan İsrailə silah almaq üçün müraciət edəndə Azərbaycanla müharibə edən ölkəyə silah satmayacaqlarını bəyan etmişdi. Bu, israilli qardaşlarımızın əsl dostluq nümayişi idi. Mart ayında İsraildə səfirliyimizin açılması və İsrail Prezidentinin Azərbaycana səfəri ölkələrimizin arasındakı münasibətlərin daha yüksək mərhələyə çıxmasına töhfə verəcəyini hesab edirəm”.
//Gülnarə Abasova, Editor.az

