Qəzzaya hücumlar zamanı yaralanan bəzi əsgərlər Təl-Əviv yaxınlığındakı Şeba Sağlamlıq Mərkəzini ziyarət edən Baş nazir Netanyahu ilə görüşməkdən imtina ediblər.
Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Netanyahu Qəzza zolağında yaralanan əsgərlərlə görüşmək üçün reabilitasiya şöbəsini ziyarət etməyə gedib. Yaralılardan bəziləri Netanyahu ilə görüşməkdən imtina edib.
Bunun üzərinə ordu nümayəndələri və baş nazirlik rəsmiləri Netanyahu ilə görüşməyə razılıq verən yaralıları departamentin ayrı və təcrid olunmuş hissəsində toplayıblar.
Qeyd edək ki, Netanyahu daha əvvəl Qəzza zolağının sərhədindəki hərbi bazaya səfəri zamanı bir əsgərin etirazına məruz qalmışdı.
HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də İsrailə qarşı hərtərəfli hücuma başlayıb. İsrail hücumlarda 1200 israillinin öldüyünü, 5132 nəfərin yaralandığını açıqlayıb.
İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda azı 8 mini uşaq, 6 min 200-ü qadın olmaqla 19 min 667 fələstinli həlak olub, 52 min 586 nəfər yaralanıb. Dağıntılar altında minlərlə ölü olduğu bildirilib, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur məhv edilir.
//Səbinə Hüseynli, Editor.az

