İsrail tərəfi HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi xəbərindən dərhal sonra onun ölümündə əli olduğu barədə ABŞ-ı xəbərdar edib.
Qeyd olunur ki, İsrail onun ölümü ilə bağlı şərh verməkdən rəsmən imtina edib.
Editor.az bildirir ki, bu barədə “The Washington Post” (WP) mənbələrə istinadən yazıb. Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Amerika rəsmiləri hərəkatın Siyasi Büro rəhbərinin ölüm xəbərinə “təəccüb və qəzəblə” reaksiya veriblər. Eyni zamanda, Vaşinqton İsmayıl Haniyənin ölümünü Qəzza zolağında atəşkəs əldə etmək üçün aparılan danışıqlara ciddi zərbə kimi qiymətləndirib.
WP qeyd edir ki, onun ölümündən əvvəl Amerika rəsmiləri bu istiqamətdə irəliləyiş əldə etdiklərinə inanırdılar. Nəşr yazır ki, ABŞ dövlət katibi Entoni Blinken İrana dolayı təzyiq göstərmək üçün diplomatik kampaniyaya rəhbərlik edib. O, Qahirə, Bağdad və digər ərəb paytaxtlarında yüksək vəzifəli məmurlardan cavab tədbirlərində təmkin nümayiş etdirmələrini xahiş edib.
Xatırladaq ki, İsmayıl Haniyə iyulun 31-də Tehranda öldürülüb. O, İrana Məsud Pezeşkiyanın andiçmə mərasiminə gəlmişdi.
//Samir Qurbanov, Editor.az