“İsrail-Fələstin müharibəsində Azərbaycan dövlətinin mövqeyi ölçülüb-biçilmiş və düzgün mövqedir”.
Bu sözləri Editor.az-a İsrail-Fələstin müharibəsi ilə bağlı danışarkən millət vəkili Tahir Kərimli deyib.
Deputat bildirib ki, müharibə nəticəsində ölən qadın və uşaqlar üçün kədərlənir:
“Lakin heç bir zaman İsrail dövlətinin Azərbaycan-Ermənistan münaqişəsində ölkəmizə göstərdiyi köməyi unutmarıq. Hazırda İsrail-Fələstin müharibəsində atəşkəs hökm sürür, əsrlərin mübadiləsi prosesi gedir. Bu müharibəyə yalnız İsrail-Fələstin kontekstində baxmağın tərəfdarı deyiləm. Çünki müharibə bütövlükdə İslam dünyasına qarşı bir çox dünya dövlətlərinin məkrli planlarını ortaya çıxartdı. HƏMAS sünni təşkilat olduğundan əsasən Qətər, Türkiyə və bir çox ölkələr tərəfindən müdafiə edilir. Lakin İsrailə qarşı çıxan əsas qüvvə Hizbullah idi və o daim İran tərəfindən maliyyə və silahla təmin olunub. ABŞ-ın aviadaşıyıcıları məntəqəyə gəldikdən sonra isə İran və digərləri daha ehtiyyatlı münasibət bəsləyirlər. Hazırda Yəmən tərəfi Fələstini açıq müdafiəyə qalxıb. Amma müsəlman dövlətlərinin heç biri cürət edib Fələstin tərəfindən çıxış etmir. Çünki qarşı tərəf İsraili Amerika kimi müdafiə edən dünya gücü var. Hesab edirəm ki, müharibə mütləq şəkildə artıq danışıqlar fazasına keçməlidir”.
//Səbinə Hüseynli, Editor.az

