İsrail və HƏMAS arasında oktyabrın 7-dən bəri davam edən qarşıdurmalar 11-ci gününə qədəm qoyub. İsrail ordusu qarşıdurmanın 11-ci günündə Qəzza zolağına hücumlarını davam etdirib.
İsrail qüvvələri Nusayrat Qaçqınlar Düşərgəsini və Qəzza zolağının Misirə açılan yeganə qapısı olan Rəfah Sərhəd Qapısını ikinci dəfə bombalayıb. Fələstin Səhiyyə Nazirliyi İsrailin hücumlarında ölənlərin sayının 2778-ə yüksəldiyini, 10 mindən çox insanın isə yaralandığını açıqlayıb.
“Yediot Aharonot” qəzetinin məlumatına görə, İsrail ordusunun xarici media sözçüsü Conatan Konrikus baş verənlərlə bağlı xarici mediaya brifinq verib. Konrikus oktyabrın 7-də HƏMAS-ın qəfil hücumundan sonra yarım milyona yaxın israillinin evlərini tərk etdiyini bildirib. Bunların İsrailin cənub bölgəsindən təxliyə edilənlər olduğunu qeyd edən Konrikus Qəzza zolağından başqa Livan sərhədinə yaxın 20-yə yaxın yaşayış məntəqəsinin də müharibə səbəbilə boşaldıldığını bildirib.
İsrailin müdafiə naziri Yoav Gallant ABŞ dövlət katibi Antoni Blinkenin qatıldığı müharibə kabineti iclasından sonra verdiyi açıqlamada deyib: “Bu müharibə uzun və baha başa gələcək, lakin biz qalib gələcəyik”.
//Gülnarə Abasova, Editor.az

