İsrailin müdafiə naziri Yoav Qalant hərbçilərin hava hücumundan müdafiə sistemlərinin idarə olunmasına cavabdeh olduğu hərbi bazaya baş çəkib.
Nazir bildirib ki, ölkə münaqişənin genişlənməsini istəmir, lakin “bütün variantlara hazırlaşır”. O, bu bəyanatı HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyə və “Hizbullah”ın yüksək rütbəli komandiri Faud Şükrün ölümü ilə bağlı xəbərlər fonunda verib: “Beyrutda bugünkü əməliyyat dəqiq və peşəkar oub. Biz müharibə axtarmırıq, bütün variantlara hazırlaşırıq. Buna görə də, biz işimizi daha yüksək səviyyədə yerinə yetirərkən siz də buna uyğun hazırlaşmalısınız” – Yoav Qalant deyib.
Bundan əvvəl İsrail rəsmiləri Beyruta edilən və “Hizbullah” komandiri Faud Şükrün ölümü ilə nəticələnən hücuma görə məsuliyyəti öz üzərinə götürüb. İyulun 31-nə keçən gecə HƏMAS hərəkatın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldüyünü elan edib və buna görə İsraili günahlandırıb. İsrail hakimiyyəti HƏMAS liderinin ölümünə görə məsuliyyəti üzərinə götürməyib.
//Samir Qurbanov, Editor.az

