Amerika prezidenti Co Baydenin administrasiyası İsraili İordan çayının qərb sahilində mülki insanları qorumaq üçün bütün mümkün tədbirləri görməyə çağırıb.
Editor.az bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin İsrailin “The Times of Israel” qəzetinə verdiyi bəyanatda deyilir. Eyni zamanda, Dövlət Departamenti qeyd edib ki, o, İsrailin təhlükəsizlik ehtiyaclarını, o cümlədən “İordan çayının qərb sahilindəki terror fəaliyyətinə qarşı mübarizə ehtiyacını” qəbul edir.
Bir gün əvvəl İsrail Müdafiə Qüvvələri İordan çayının qərb sahilindəki Cenin və Tulkərm şəhərlərində “terrorla mübarizə” əməliyyatına başladığını açıqlamışdı.
“The Times of Israel”in məlumatına görə, İsrailin keçirdiyi əməliyyat nəticəsində azı 11 nəfər ölüb, 26 nəfər yaralanıb. “Biz həmçinin İordan çayının qərb sahilində sabitliyin qorunması ilə bağlı dərin narahatlığımızı davam etdiririk və İsraili Qəzza zolağında etdiyi kimi, İordan çayının qərb sahilindəki mülki insanların həyatını qorumaq üçün bütün mümkün tədbirləri görməyə çağırırıq” – sənəddə vurğulanır.
BMT-nin baş katibi Antonio Quterreş İsrailin hərəkətlərini pisləyib və İordan çayının qərb sahilində baş verən ölümlərlə bağlı “dərin narahatlığını” ifadə edib.
Cənab Quterreş həmçinin İsraili beynəlxalq humanitar hüquqa hörmət etməyə və İordan çayının qərb sahilində mülki insanları qorumaq üçün tədbirlər görməyə çağırıb.
//Samir Qurbanov, Editor.az