İsrail Livanın cənubunu tanklardan kütləvi atəşə tutmağa başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Livanın MTV telekanalı məlumat yayıb.
Məlumata görə, İsrailin zirehli texnikası artilleriya və aviasiyanın müşayəti altında Livan ərazisinə daxil olub. Hazırda İsrail istehkamçıları Livanın cənubunda maneələri aradan qaldırır və İsrail texnikasının sərhədyanı ərazilərə gətirilməsi davam edir.
Bildirilir ki, İsrailin ilk əsas hədəfi Livanın cənubunda 20 kilometrlik təhlükəsizlik zolağı yaratmaqdır.
Bundan əlavə, sərhəddə yerləşən BMT-nin Livandakı sülhməramlı qüvvələrinin (UNIFIL) təxliyə edilərək mövqelərini geri çəkdiyi barədə məlumatlar var.
Xatırladaq ki, ABŞ-nin Yaxın Şərqdəki bütün hərbi bazaları yüksək hazırlıq vəziyyətinə gətirilib.
İsrail Livanla sərhədi yaxınlığında “Hizbullah” hərəkatına qarşı hərbi əməliyyatlar keçirməsi barədə ABŞ-ni məlumatlandırıb. Bu barədə ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətinin rəhbəri Metyu Miller jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.