“Bu gün İsrail-Həmas cəbhəsində gedən proseslər fonunda düşündürücü məqamlardan biri İsrailin quru əməliyyatlarına başlayıb-başlamayacağıdır”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov bildirib.
Onun sözlərinə görə, Qəzzada paylanılan yardımların arealı genişləndirilir, yardım edən ölkələrin sayı isə getdikcə artır:
“Bir neçə gündən sonra artıq 50-yə yaxın ölkənin bu yardım karvanına qoşulmasının şahidi ola bilərik. Bu isə onu deməyə əsas verir ki, ABŞ və Misir bu yardım karvanının Misirdən keçməsi ilə bağlı razılığa gəliblər. İsrailin də bu prosesdə razılığı əldə olunub. Əgər nəzərə alsaq ki, yardım karvanının göndərilməsi prosesi getdikcə genişlənir, bu o anlama gəlir ki hələ ki, İsrail quru əməliyyatları keçirməyə hazır deyil. Vaxt uzandıqca isə İsrail ümumiyyətlə müəyyən bir vaxtdan sonra bu əməliyyatları keçirtməyəcək. Təsəvvür edin ki, bir tərəfdən ard-arda humanitar yardım karvanları əraziyə daxil olur, digər tərəfdən isə İsrail bu karvanı bombardman edir və yaxud quru əməliyyatları keçirir. Bu baş tutduqda İsrail təkcə Fələstinə, Qəzzaya qarşı deyil, dünyanın 10-na yaxın ölkəsinə qarşı mübarizə aparmalı olar. Deməli, İsrail özü də əgər humanitar yardımların keçməsinə razılıq veribsə, o da digər dövlətlər kimi quru əməliyyatların keçirilməsi haqqında ciddi şəkildə tərəddüd edir və vaxt uzandıqca bu əməliyyatlar təxirə salınacaq”.
//Gülnarə Abasova, Editor.az

